Son günlər Bakı şəhərində yerləşən bir sıra memarlıq abidələri olan binalarda aparılan təmir-bərpa və abadlıq işləri ictimaiyyət arasında müzakirələrə yol açıb. Bu narahatlıq bəzi tarixi bina fasadlarının, o cümlədən daşla üzlənmiş binaların rənglənməsi işlərinə başlanılmasıdır.
Pravda.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, aparılan abadlıq işlərinin səbəbi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxt ərazisində bir sıra binalarda, o cümlədən memarlıq abidələrində təmir-bərpa işlərinin həyata keçirilməsidir:
"Bir daha xatırladırıq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılaraq, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Hal-hazırda həyata keçirilən işlərin təcililiyini nəzərə alaraq, yaranan problemləri yerində həll etmək məqsədi ilə sözügedən təşkilatların əməkdaşlarından ibarət olan işçi qrup yaradılıb. Daimi olaraq müvafiq işlərin aparıldığı tarixi binalara baxış keçirir, görülən işlər nəzarətdə saxlanılır. Sözügedən tədbirlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Memarlar İttifaqı ilə birgə müvafiq işləri həyata keçirən “Bakı Abadlıq Xidməti” MMC ilə koordinasiyalı şəkildə təmin edilməsi üçün tədbirlər görülüb".