Pravda.az lent.az-a istinadən Azərbaycanın Xalq artisti Nazpəri Dostəliyevadan bəhs edir.
- Nazpəri Dostəliyeva harada anadan olub və neçə yaşı var?
Nazpəri Dostəliyeva 1959-cu il dekabrın 23-də Aşıq Əhmədin ailəsində, Bakıda doğulub.
- Nazpəri Dostəliyeva hansı təhsili alıb?
- 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. 2018-ci ildə Nazpəri Dostəliyeva "İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
- Nazpəri Dostəliyeva sənətə nə zamandan başlayıb?
Ekranlara ilk 1996-cı ildə çıxıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. "Mənim göz yaşımı görməyəcəksən", "Dilbərim", "Bağışla ana", "Unut kədərini, qəmini unut" kimi yaddaqalan mahnılar ifa edib. 1998- cı ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 25 disk və 3 albomu var. Dünyanın bir çox ölkələrində (Fransa, Almaniya, Niderland, Norveç, Kipr, Türkiyə) solo konsertlər verib. 1999-cu ildən bəstəkar Səyavuş Kərimi, bəstəkar Cabbar Musayev ilə uğurlu iş birliyi olub.Nazpərinin şöhrətlənməsində onun qeyri-adi gözəlliyinin də rolu olub.
- Nazpəri Dostəliyeva böyük səhnəyə toylardan gəlib?
Bəli. O atası aşıq Əhmədəlini özünün ilk ustadı adlandırır. İlk çıxışları el şənliklərində olub. "Yadıma gəlir, övladlarım çox kiçik idi, qapını bağlayıb işə gedirdim. Ordan çıxıb qaçırdım canlı efirə. Efirdən çıxıb səsyazma studiyasına gedirdim. Studiyadan qaçırdım toylara. Maşınım da yox idi. Səhərə yaxın piyada qayıdırdım evə. Görürdüm, uşaqlar özləri bir şeylər hazırlayıb yeyiblər. Balaca oğlum başını böyük qardaşının dizinə qoyub yatıb. Oturub hönkür-hönkür ağlayırdım. Dəfələrlə olub ki, uşaqlar qapını bağlayıb yatıblar. Oyatmağa qıymamışam. Qapı arxasında pilləkənlərin üstündə oturaqlı yatmışam"- deyə o müsahibələrindən birində deyib.
- Nazpəri Dostəliyeva ailəlidir?
Nazpəri xanım bir dəfə Nəriman adlı bəylə ailə həyatı qurub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən Əli və Əkbər adlı iki oğlu dünyaya gəlib. Müğənni bu barədə suallara belə cavab verir:
"Mənim qız toyum üç gün, üç gecə davam edib. O vaxtı Şövkət Məmmədova toyumda iştirak edib. Amma yoldaşımı sevməmişəm, uşaqlarıma görə ona həmişə hörmətlə yanaşmışam. Qadın üçün təkbaşına iki oğlan övladı böyütmək çox çətindir. Neçə il mən övladlarımı tək böyütdüm. Ataları bir dəfə olsun maraqlanmadı onlarla.
- Nazpəri Dostəliyevanın qardaşı öz qızına təcavüz edib?
Bir neçə il əvvəl isə özünü Nazpəri Dostəliyevanın qardaşı qızı kimi təqdim edən və atasının təcavüzünə məruz qaldığını bildirən Pərvanə Dostəliyeva ilə bağlı qalmaqalda müğənninin adı hallansa da, Nazpəri xanım bu barədə mətbuata belə açıqlama verib:
"Bir Xalq artisti olaraq hər zaman ayağımdan dartmağa çalışanlar çox olub. Bu böhtanların üstündən hər zaman səbirlə keçmişəm və susmuşam. Videosu yayılan bu sərxoş qadın guya mənim qardaşım qızıdır və məni şantaj edir. Qardaşım Ağaların rəsmi nikahdan iki oğlu var. Qardaşımın gəncliyində ətrafında qızlar çox olub. Bu qız da, yəqin, qeyri-qanuni dünyaya gələn biridir. Çox təəssüf edirəm ki, qardaşımın gənclik səhvinə görə bu gün mən şantaj olunuram. Onun məni şantaj etməyinin səbəbi də bu qızın anasını və özünü qəbul etməməyim və yaxınıma buraxmamağımdır. Mən heç vaxt o qızı qəbul etməmişəm və etməyəcəm də. Ağlı başında olan bir qadın belə sözlər danışmaz. Onun danışdıqları cəfəngiyatdır. Ona görə də, onun sözlərini ciddiyə almıram".
- Nazpəri Dostəliyeva nə üçün efirlərə çox gec çıxıb?
Nazpəri xanım 16 yaşından toylara getsə də efirə 38 yaşında çıxıb. Uzun illər səhnəyə çıxmamasına səbəb qardaşı olub.