Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarı Vopke Hukstranı qəbul edib.
Görüş zamanı ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin COP29 sədrliyi çərçivəsində əsas istiqamət və prioritetlər, milli və beynəlxalq səviyyədə görülən işlər, habelə COP29-a hazırlıq fəaliyyəti barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın prosesin davamlılığını və inklüzivliyini təmin etmək üçün öncəki COP sədrlikləri, o cümlədən beynəlxalq maliyyə təşkilatları, özəl sektor nümayəndələri də daxil olmaqla, bütün tərəflərlə yaxından işlədiyi diqqətə çatdırılıb.