Ölkə növbədənkənar parlament seçkilərinə gedir. 99 səslə Milli Məclis özünü buraxıb və prezidentin seçkini nə vaxta təyin edəcəyi gözlənilir. Hazırkı parlamentin tərkibi heç də müsbət imici, reputasiyası ilə yadda qalmadı. Bəzi deputatların çıxışları həm kütlələri qəzəbləndirdi, həm iqtidar üçün başağrısı oldu, həm də deputat adını daşıyanların bəziləri parlament tribunasını gözdən saldılar. Onların sıralarında bizneslə məşğul olanların əksəriyyəti 5 ilə yaxın “ağzına su alıb” oturdular, aktivlik göstərmədilər, seçicilərini saymadılar, hakimiyyətin siyasi kursunun müdafiəsində fəallıq nümayiş etdirmədilər. Bütün bunlar təbii ki, tənqidlə qarşılanırdı. Ona görə də hakim partiya özü bəyan etdi ki, Milli Məclis ölkədə gedən islahatların, dəyişikliklərin kursuna adekvat olmalıdır. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə ilə də söhbətimizdə elə parlamentin buraxılması, növbədənkənar seçkilər, özünün yenidən namizədliyi, prezidentin son kadr dəyişiklikləri və s. gündəmdəki məsələlərdən danışmışıq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
- Araz müəllim, Milli Məclisin özünü buraxmasına və erkən seçkiyə gedilməsinə zərurət nə idi?
- Əslində parlament seçkisinin nə vaxt keçirilməsi əhəmiyyəti olmayan hadisədir. Təbii ki, müsbət və mənfi tərəfləri ola bilər. Ancaq mən Milli Məclisin buraxılmasında müsbət məqamlar tapıram. Məsələn, seçki gələn ilin noyabrında keçirilsəydi, sessiyalara büdcə müzakirəsindən başlanmalıydı. Onda nə normal hazırlaşa bilirsən, nə komitələrin iclasında müzakirə, mübahisə olur. İndi parlament seçkisi keçirilsə, payız sessiyasınıda büdcəni əlverişli şəkildə müzakirə etmək olacaq. Bilirsiniz, bizim üçün əsas büdcə müzakirələridir. Odur ki, Milli Məclisin özünü buraxmasında başqa müsbət nəsə görmürəm. Kim mandat uğrunda mübarizə aparmaq istəyirsə, onun üçün fərqi nədir noyabrda olsun, ya ilin əvvəlində... Namizədsənsə, noyabrda da, 8-9 ay qabaq da öz mübarizəni aparacaqsan.
- Yəni erkən seçkiyə niyə gedilməsinin konkret səbəbi yoxdur?
- Bunu hakim partiyanın Siyasi Şurasından soruşsanız yaxşı olar. Sadəcə, mən növbədənkənar parlament seçkilərinin keçirilməsinin əleyhinə deyiləm. Ümidvaram ki, yeni parlamentdə reqlamentə dəyişikliklər olsun. Əgər qismət olsa, deputat seçilsəm, onda bu haqda danışarıq. İndi bəziləri yeni parlament innovasiyalı olsun deyirlər, müxtəlif fikirlər səslənir.
- Yeni parlamentin əsasən cavanlardan olacağı deyilir, yaşlı deputatlar mandat qazanmaya bilər...
- Azərbaycanda parlamentin orta yaşı 59-dur. Düşünmürəm ki, bu, yaşlı parlament hesab edilməlidir. Sadəcə, sosial şəbəkələrdə bir neçə deputatın simasında təqdim etməyə çalışdılar ki, Milli Məclis qocalıb, iş qabiliyyətini itirib. Süni şəkildə fikir yaratdılar ki, guya deputatların çıxışları cəmiyyəti qıcıqlandırır, insanları ayağa qaldırır, xalqla hökumət arasında problem yaradır. Ən çox söyülən elə bizim komitənin sədri Hadı Rəcəbliydi. Ondan qat-qat varlı və qat-qat az işləyən deputatlar var. Ancaq baxın görün, onların adları harada çəkilir? Heç yerdə onların adları yoxdur. Halbuki həmin deputatların yanında Hadı Rəcəbli ən kasıbıdır. Ümumiyyətlə, onlar deputat kimi işləmirlər. Amma həmin deputatlara bir söz deyən olmadı, adları çəkilmədi, yazmadılar.
- Hadı Rəcəbli ilə yanaşı ən çox söyülən, tənqid edilən həm də siz olmusunuz.
- Məni türkçülük məsələsinə görə söyürdülər. Həmişə demişəm, bu gün də fikrimdə qalıram ki, azərbaycanlıyam, azərbaycanlı olmağımla fəxr edirəm. Ümumiyyətlə, kim özünü hansı millətdən hesab edirsə, o millətdəndir.