Bu ilin mayında üzə çıxan sabiq deputat, eks səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu yəqin ki, uzun müddət yaddaşlardan silinməcək. Həmin məktubda Elmira Axundova ağsaqqalının yüksək diqqətinə hakimiyyətdə olan, 2-3 arvad saxlayan məmurların adını açıqlaya biləcəyi təhdidini də çatdırmışdı. Məktubun davamında qaçaq səfir, oğlu Həbib Axundovun 3 uşaq atası olduğunu yazmaqla bərabər, oğlu Həbibin həyat yoldaşından əlavə daha bir qadın saxladığını gizlətməmiş, bunu adi bir hal kimi təqdim etməyə çalışmışdı. Oğlu Həbib Axundovun həmin qadınla yayılmış açıq-saçıq videolarına toxunmaqla ona haqq qazandırmaq üçün Ramiz Mehdiyevə müraciətlə,- “Yaxşı, Həbib qanuni arvadından başqa bir qızla maraqlandı. Azərbaycan kişiləri arasında o qadınları kim sevmir, demək olar ki, hər kəsin rəsmi olaraq ikinci, üçüncü olmasa da, arvadı və onlardan qeyri-qanuni uşaqları var. İstəyirsənsə, adlarını da çəkim”,- deyə sual etmişdi. Ramiz Mehdiyevin bu suala nə cavab verdiyi bu günə qədər bilinmir.
Bəs Elmira Axundovanın bəhs etdiyi, oğlunun maraqlandığı qız kim olub?
Həbib Axundovun maraqlandığı, Elmira Axundovanın Ramiz Mehdiyevə yazdığı məktubda adını çəkmədiyi Günel Mirzəyevadır. 1 yanvar 1986-cı ildə anadan olmuş Günel Rəşid qızı Mirzəyeva yolu Həbib Axundovla kəsişəndən 3 il sonra olduqca müəmmalı şəkildə, hətta kriminal çalarlarla zəngin bir şəraitdə həyatdan köçüb!
Bu sirli ölümdən dərhal sonra baş verənlər də Günel Mirzəyevanın həyatdan öz xoşu ilə ayrılmadığına dəlalət edir.
Günel Mirzəyeva kim idi?
Günel Mirzəyeva azərbaycanlı model olub. O, “Miss Lafarella” internet yarışmasının iştirak edərək qaliblər sırasına qatılmışdı. Elə həmin günlərdə adı Həbib Axundovla birgə hallanmağa başlamışdı. Elmira Axundovanın özünün etiraf etdiyi kimi oğlu Günel Mirzəyeva ilə maraqlanıb. Bu maraq Günel Mirzəyevanın ailəsinin dağılmasına gətirib çıxarıb.
Nə baş verib?
Günlərin birində Günel Mirzəyeva sosial şəbəkə hesabında ana olmaq arzusunu izhar etdiyi fotosu yayılıb və az sonra onun Həbib Axundovun yaxtasından dənizə düşərək (?!) ölməsi xəbəri yayılıb!
Həmin gün - 2017-ci il iyunun 24-də Günel Mirzəyeva Elmira Axundovanın oğlu Həbib Axundovun yaxtasında Bilgəhdən açıq dənizə çıxıb. Yaxtada ondan başqa Həbib Axundov və dostları da olublar.
Sudan dəhşətli şəkildə qorxan Günel Mirzəyeva müəmmalı şəkildə yaxtadan dənizə düşüb. Onun meyitini aşkarlamaq üçün dalğıclar 3 gün intensiv axtarış aparıblar. Nəhayət, Günel Mirzəyevanın cansız cəsədini Bilgəhdə, ləpədöyəndən dənizin içinə doğru 300 metrlikdə aşkar edib, sudan çıxarıblar...
Yayılan ilk rəsmi xəbərdə bir nəfərin yaxtadan suya düşərək öldüyü, meyitinin aşkar edilmədiyi deyilirdi. Ardından bəlli oldu ki, yaxtada Günel Mirzəyevanın yanında daha 6 nəfər olub. Onlardan biri də qaçaq səfir Elmira Axundovanın oğlu Həbib Axundov olub. Elmira Axundova həmin günlərdə xüsusi israrla “mənim oğlum orada olmayıb” deyirdi. Oğlunun 15 illik üzgüçülük praktikasının olduğunda israr edib “oğlum orada olsaydı, Günel Mirzəyevanı xilas edərdi” fikrini də əlavə etməkdən çəkinmirdi.

Sonradan üzə çıxdı ki, Elmira Axundova oğlunu müəmmalı ölümdən uzaq tutmaq üçün yalan uydurur, eyni zamanda Günel Mirzəyevanın yaxınları ilə də iş aparır ki, oğlundan şikayətçi olmasınlar. Hətta ailəyə müəmmalı ölümdən dərhal sonra mənzil alıb bağışlaması haqda da təkzib olunmayan məlumatlar var.
Fakt isə odur ki, Həbib Axundov Günel Mirzəyeva Xəzərin sularında boğulub çabaladığı bir vaxtda yaxtada olub, amma anasının dilində dastana çevrilən üzgüçülük qabiliyyətindən istifadə etməyib.
Buna səbəb nə olub?
Niyə Həbib Axundova görə ailəsi dağılmış, onunla birgə, məhz onun yaxtasında açıq dənizə çıxmış Günel Mirzəyeva suda çapalayarkən onu xilas etməyib?
Elmira Axundova hər şeydən danışır, hətta ağsaqqala danos da yazır, amma üzgüçü oğlu Həbib Axundovun Günel Mirzəyevanı niyə xilas etməməsinin səbəbinə aydınlıq gətirmir. O günlərdə deputat olan Elmira Axundova israrla oğlunun hadisə yerində olmadığını demişdi.
Onun sözlərindən sitat:
“Oğlum da hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil. Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyfsləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub. Bu sadəcə bədbəxt hadisədir. Burada nə Həbibin, nə də onun dostunun günahı var. Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb”.
Yaxtanın oğlu Həbibə məxsus olması, Günel Mirzəyeva suda çapalayıb boğularkən oğlunun da yaxtada olmasını Fövqəladə Hallar Nazirliyinə (FHN) göndərilən sorğu ilə təsdiq olunduğunu bildirdikdə isə Elmira Axundova FHN-nin məlumatını yalanlamağa çalışmışdı:
“Yenə deyirəm, oğlumun heç bir günahı yoxdur. Sadəcə onu deyə bilərəm ki, məlumat yanlışdır”.
Bu da Həbib Axundovun hadisədən dərhal sonra mətbuata açıqlamasından sitat:
“Nə qız məsələsi? Mənim başqa işlərim var. Güneli isə tanımıram. Mənim yaxtam da yoxdur. Mənim daha heç nəyim yoxdur. Özünüz nə istəyirsiz araşdırın. Nə istəyirsiniz yazın. Siz prokurorsuz, polissiniz ki, sizə məlumat gəlir? Sorğu verin, nə cavab alırsınız yazın. Məni daha narahat etməyin. Bu məsələ ilə bağlı heç bir fikrim yoxdur”.
Bu o Günel Mirzəyevadır ki, Həbib Axundova ona “Jeep” də bağışlayıb, üstəlik bahalı bir nömrə nişanı alıb həmin “Jeep”ə bağlayıb. Günel Mirzəyevanın Elmira Axundovanın evinin içində, hətta Şüvəlandakı bağ evinin damında belə fotoları, videoları da var!