Xəbər verdiyimiz kimi, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib, 3 polis əməkdaşını və bir mülki şəxsi qətlə yetirib. Axar.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, külli miqdarda dələduzluğa görə axtarışda olan Rövşən Allahverdiyev haqda əməliyyat məlumatı əldə edilib və onun evində olduğu müəyyənləşib.
Əməliyyat hazırlanıb və sübh tezdən – təxminən 7 radələrində polis əməkdaşları R.Allahverdiyevin Şüvəlandakı evinə gəliblər. Bu zaman cinayətkar silahlı müqavimət göstərib. O, anasının arxasında gizlənib və “Lancaster” ov tüfəngini anasının çiyninə qoyaraq, polisləri nişan alıb.