Bill Klintonun kitabxanası Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1993-cü ilin aprelində ABŞ prezidentinə yazdığı məktubun üzərindən məxfiliyi götürüb.
Bu məktub Kəlbəcərin işğal olunduğu gün Prezident Əbülfəz Elçibəy tərəfindən təcili göndərilib. Sənəddə qeyd olunur ki, dövlət başçısının məxfi məktubunu beynəlxalq məsələlər üzrə müşavir Vəfa Quluzadə ABŞ-ın Azərbaycandakı səfirliyinə təqdim edib.
Əbülfəz Elçibəy Bill Klintona yazdığı məktubda Kəlbəcərin Ermənistan tərəfindən işğal olunduğunu bildirir və bunu həmin vaxt aparılan danışıqlara zidd olduğunu vurğulayır.
“Cənab Prezident! Yaranmış vəziyyət məni sizə müraciət etməyə məcbur etdi. Cenevrədə və Ankarada martın 27-da ATƏM-in vasitəçiliyi ilə aparılan danışıqlar gedən zaman erməni ordusu vəziyyətin eskalasiyasına başlayaraq Azərbaycanın Kəlbəcər rayonunu nəzarət altına almaq üçün hərbi aviasiyadan, ağır texnikadan istifadə edərək hucuma keçib.
Onlarla yaşayış məntəqəsi məhv edilib, içərisində qadın və uşaqların olduğu yüzlərlə dinc sakin öldürülüb. 60 min vətəndaşın həyatı təhlükə altına düşüb. Ermənilər onları ətrafdan təcrid edərək mühasirəyə almağa çalışır”.
Prezident daha sonra məktubda qeyd edir ki, bu hadisə Ermənistanın guya blokadada olması barədə dünyaya yaydığı yalanı ortaya qoyur: “Biz dünyaya bəyan etmişdik ki, qonşumuzun enerji, yanacaq və yemək çatışmamazlığı barədə şikayətləri, blokadada “boğulmaları” barədə dedikləri dünya ictimaiyyətini aldatmaq üçün yaxşı təşkil edilmiş blefdir”.
Azərbaycan Prezidenti məktubda daha sonra yazır ki, Ermənistanın əsas məqsədi Azərbaycan ərazilərini özünə birləşdirməkdir: “Bu çox təhlükəli məqsəddir. Bu, Dağlıq Qarabağda ikinci dəhlizi aça, müstəqil Azərbaycanın ərazilərinin 20 faizini əhatə edə bilər”.