“Xalqımızın qəhrəmanlıq salnaməsini yazan, tarixi missiyalarını şanlı qələbələrlə sona çatdıran Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ölkəmizdə böyük nüfuz sahibidir. Xalqımız onları qəhrəman hesab edir, hörmətlə yanaşır və xidmətlərini yüksək qiymətləndirir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın mükəmməl, güclü, yüksək döyüş ruhlu, Vətəni canından belə artıq sevən yenilməz Ordusu var. Təbii ki, bu Ordunu formalaşdıran, böyük inkişaf yoluna çıxaran müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev olub. O, hər zaman strateji saydığı bu sahəni diqqətdə saxlayırdı, hətta respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70-ci illərdə bu istiqamətdə mühüm işlər görmüşdü. 1971-ci ildə məhz Ulu Öndərimizin uzaqgörənliyi və gərgin zəhməti bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bundan sonra Azərbaycanda hərb sənətinə maraq xeyli artdı, yerli zabit kadrların hazırlanması prosesi geniş vüsət aldı. Bu məktəbin əhəmiyyəti həm də onda idi ki, müstəqilliyimiz bərpa olunduqdan sonra ordu quruculuğu işində əsas baza rolunda çıxış etdi. Odur ki, Silahlı Qüvvələrimizin inkişaf tarixi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsas hədəflərindən bir də nizami ordunun yaradılması idi. Onun bu istiqamətdə apardığı işlərin ilk göstəricisi isə uğurlu və son dərəcə əhəmiyyətli “Horadiz” əməliyyatı oldu. Bu əməliyyatın həm də önəmi o idi ki, ruh düşkünlüyünə uğramış, qələbəyə olan ümidləri tükənmiş xalqımızda inam hissi artdı, əsgər və zabitlərimizə güvən və etimad yüksəldi. Sözsüz ki, psixoloji üstünlük müharibə aparan dövlət üçün ən vacib məqamdır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, “Horadiz” əməliyyatından sonra Ermənistan atəşkəsə getməyə məcbur oldu və bundan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması və döyüş ruhunun yüksəldilməsi istiqamətində mühüm işlər görüldü: “1999-cu ildə Hərbi Akademiya yaradıldı, ordu quruculuğu beynəlxalq standartlara uyğunlaşdırıldı, Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, eləcə də “Planlaşdırma və analiz prosesi” proqramına, “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Hərbçilərimiz NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Eyni zamanda beynəlxalq sülhməramlı qüvvələrin tərkibinə qatılmaqla zəngin təcrübə qazandılar və NATO standartlarına uyğunlaşan Ordumuz beləliklə müasir və güclü bir orduya çevrildi”.