Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə “general-leytenant” hərbi rütbəsi verilib.
Pravda.az N.İslamzadənin dosyesini təqdim edir:
O, 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981–1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988–1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olub, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil alıb. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilmiş və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub. N.İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir. 2019–2021-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini — Aviasiya rəisi vəzifəsində xidmət etmiş və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri Komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunub. 2024-cü il may ayının 18-dən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub. İngilis və rus dillərini bilir.
O, 2005-ci ildə "Hərbi xidmətlərə görə" medalı, 2008-ci ildə "Azərbaycan Bayrağı" ordeni, 2020-ci ildə "Vətən uğrunda" medalı ilə təltif olunub, 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.