Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Pravda.az-ın məlumatına görə, nümayəndə heyətinə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli də daxildir.
Prezident İlham Əliyev bu günün Azərbaycan-İtaliya əlaqələrinin tarixində əlamətdar olduğunu deyərək, bununla münasibətlərdə yeni səhifənin açıldığını, ölkələr artıq hərbi-texniki sahədə də əməkdaşlığa başladığını qeyd etdi.
Dövlət başçısı İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurğulayaraq, bu gün təqdim olunan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə İtaliyanın bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərdiyini deyərək, Avropa məkanında Azərbaycanın ticarət əlaqələrinin böyük hissəsinin İtaliyanın payına düşdüyünü və ticarət dövriyyəsinin 15 milyard dolları ötdüyünü bildirdi. Dövlət başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd etdi.
Neft-qaz sahəsindəki əməkdaşlığın təkcə iki ölkə üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıdığını bildirən Prezident İlham Əliyev bunun inkişafının təməlində güclü siyasi əlaqələrin dayandığını vurğuladı və “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin bu əlaqələrin əsasını təşkil etdiyini dedi.