Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonunda, "Metro Park” ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib. Pravda.az bildirir ki, axar.az-ın əldə etdiyi məlumata görə, hər iki gənc Qazaxın Daş Salahlı kəndindən olsa da, Tural Kosayevdən fərqli olaraq, İsmayıl Allahverdiyevin ailəsi bura Borçalının Qaraçöp kəndindən köçüb.
Daş Salahlıdan olan həmsöhbətimiz bildirib ki, Tural Kosayevin həyatı heç də asan olmayıb. Atası Kamil içkiyə meyilli olduğu üçün ailədə vaxtaşırı söz-söhbət olub. Nəhayət, anası ayrılmaq qərarı verib. Uzun müddətdən sonra ailə yenidən bir araya gəlib, ata-ana barışıb.
Maddi baxımdan imkansız olan ailə bir müddət öncə xeyirxah insanların dəstəyi ilə Bakıda varlı bir şəxsin bağ evində məskunlaşıblar – həm bağa nəzarət edir, həm də ata ilə birgə, Tural və digər qardaşı tikintidə fəhlə kimi çalışırlarmış. Tural və qardaşının sakit, zəhmətkeş və ailəcanlı olduğu bildirilir. Məhz iki qardaşın sayəsində ailə yenidən toparlanıb, həyatları yenicə axarına düşübmüş.