Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun gəlini Fidan Abbasovanın Xətai rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, barəsindəki axtarış haqqında 17 may 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə ərizəsinə baxılıb. Musavat.com xəbər verir ki, məhkəmə Fidan Abbasovanın şikayətini araşdıraraq belə qərar gəlib ki, icra məmuru Xatir Məmmədov icra sənədi üzrə əsassız olaraq onun barəsində axtarış qərarı qəbul edib.
Məhkəmənin qərardadından belə aydın olur ki, icra məmuru qanunsuzluğa yol verib, Fidan Abbasova barəsində heç bir qanuni əsas olmadan, qanunsuz olaraq həbsli axtarış qərarı verib. İcra məmuru Xatir Məmmədov Fidan Abbasovaya heç bir halda rəsmi heç bir bildiriş təqdim etməyib, onun yaşadığı ünvana getməyib. Buna baxmayaraq Fidan Abbasovanın yaşadığı ünvanda yaşamadığı ilə bağlı əsassız akt tərtib edib. İcra məmuru Xatir Məmmədov qərəzli hərəkətlər edərək borclu barəsində əsassız olaraq təqdimat verib.
Məhkəmədə Fidan Abbasova şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş edib. O, verdiyi izahatda bildirib ki, icra məmuru onunla qərəzli şəkildə danışaraq barəsində axtarış qərarı qəbul edib. Halbuki ona bu barədə bildiriş təqdim edilməyib.
Məhkəmə araşdırması zamanı Fidan Abbasova 16 may 2024-cü il tarixinə aid evinin qarşısında quraşdırılmış kameradan videogörüntüləri məhkəməyə təqdim edib. Məlum olub ki, həmin tarixdə icra məmuru onun yaşadığı ünvana gəlməyib. Eyni zamanda məhkəmə tərəfindən təhlil edilmiş icra işi materiallarından aydın olub ki, icra məmuru tərəfindən rəsmi qaydada borcluya bildiriş göndərilməyib. Halbuki, Fidan Abbasova icra məmurunun göstərdiyi ünvanda yaşayır. Qanunun mənasına görə borclunun yeri məlum olmadıqda icra məmuru tərəfindən borclunun axtarılması haqqında qərar qəbul edilir. Borclunun faktiki yaşadığı ünvan məlum olduğu halda icra məmuru tərəfindən axtarış qərarının qəbul edilməsi qanunsuzdur. Buna görə də Xətai rayon Məhkəməsi Xətai İcra Şöbəsinin icra məmuru Xatir Məmmədovun hərəkətlərini qanunsuz hesab edib və onun tərəfindən Fidan Abbasova barəsində qəbul edilmiş 17 may 2024-cü il tarix axtarışı qərarının ləğvi barədə qərardad çıxarıb.
Yada salaq ki, Fidan Abbasova Xətai rayon İcra şöbəsinin məmuru Xatir Məmmədovun barəsində qanunsuz olaraq məcburi gətirilmə qərar çıxarması barəsində də şikayət etmişdi. Fidan Abbasovanın vəkili Ziya Ələsgərov Musavat.com-a demişdi ki, müvəkkilinə qarşı qanunsuz addımlar atılır. Vəkil bildirmişdi ki, Xətai Rayon Məhkəməsində qarşılıqlı iddiaya baxılarkən qarşı tərəf vəsatətlə çıxış edib və işə mahiyyəti üzrə baxış sonuclanana qədər Fidan Abbasovaya sosial şəbəkələrdə və KİV-də Orxan İsmayılzadə barəsində şəxsi məlumatların paylaşılmasının qadağan edilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edərək bu barədə qərardad çıxarıb. Vəkil bildirib ki, Fidan Abbasova Orxan İsmayılzadə barəsində şəxsi məlumatları deyil, özünün hədələnməsi, aldadılması, övladının ata adının təmin edilməsi, aliment tələbindən danışıb və bunlar heç bir halda Orxan İsmayılzadənin şəxsi məlumatları hesab edilə bilməz. Orxan Mikayıl oğlu İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf ləyaqətin və işgüzar nüfuza zərər verilməsinə dair iddia təqdim edib. Orxan Mikayılzadə məhkəməyə şikayətində Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edib. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası(MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini - atalıq testi - DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana gəlməyib.
Həmin gün Musavat.com-a açıqlama verən Fidan Abbasova bildirib ki, məhkəmə qərardadı əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə övladı Nili də gətirib. Fidan Abbasova deyib ki, Orxan Mikayılzadə ekspertizanın keçirilməsində iştirak etməyib.
Onun sözlərindən sitat: “Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və bu gün Orxan İsmayılzadə ekspertizada iştirak etmədi”, - deyə Fidan Abbasova bildirib.
ARAYIŞ