Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahidlər ifadələrində qeyd ediblər ki, gömrükdə çalışdıqları vaxtdan TIR və GRP proqramları olub: "Qeyri-rəsmi proqram olub. Bununla yanaşı, rəsmi proqram da var idi. Dövlət tərəfindən qoyulan büdcə dolduqdan sonra pullar qeyri-rəsmi proqram vasitəsilə toplanılırdı".
Şahidlər vurğulayıblar ki, bu qanunsuzluq 2004-cü ildən bəri olub və qanunsuz pullar elə o vaxtdan yığılırmış: "Gömrük postlarında yığılan pulların miqdarı hər ay müxtəlif olurdu. Terminallarda tərəzilər var idi və hər ay 100 min manata yaxın pul toplanılırdı. Toplanan pulları isə komitəyə - Rafael Əliyev və Mənsur Əsgərova verirdilər".
Qeyd olunub ki, pullar manat və dollar şəklində toplanılıb. Daha sonra hamısı dollara çevrilib.