Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq gündəliyində duran məsələlər, parlamentlərarası əməkdaşlığın perspektivləri, habelə regionda cari vəziyyət müzakirə olunub.
İki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, energetika, nəqliyyat və kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə strateji tərəfdaşlıq xarakteri daşıyan qarşılıqlı faydalı əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb. “Orta Dəhliz” üzrə işlərin və birgə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə arasında həm xarici işlər nazirləri, həm də Parlamentlər səviyyəsində üçtərəfli format çərçivəsində birgə səylərin genişlənməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud çoxşahəli əməkdaşlıq gündəliyinin inkişafında parlament diplomatiyasının, parlament sədrləri və nümayəndələrinin qarşılıqlı səfərlərinin, dostluq qrupları arasında geniş əməkdaşlığın əhəmiyyətli rol oynadığını qeyd edib.