Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Henri Jr. Bensurto Filippin Prezidenti Ferdinand Romualdez Markosun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan Prezidenti ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını qeyd edərək beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin turizm, investisiyalar sahələrində əməkdaşlığa və insanlar arasında təmaslara toxundu, hökumət nümayəndə heyətlərinin səfərlərinin önəmini vurğuladı.
Səfir Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin çox uğurlu olduğunu, bu məsələdə böyük bir irs qoyduğunu və ölkəmizin bu Hərəkatın təsisatlanması istiqamətində ciddi addımlar atdığını qeyd etdi.