Bakıda gecə saatlarında qadın naməlum şəxslər tərəfindən evindən zorla çıxarılıb. Daha sonra ekskavatorla hasarı və evi dağıdılıb, həyətindəki ağacları məhv olunub.
Pravda.az xalq.az-a istinadla məlumat verir ki, hadisə paytaxtın Murtuza Muxtarov 145 küçəsində baş verib. Həmin ünvanda tikinti aparan şirkət isə “FENIKS-AA” MMC-dir.
Sayt yazıb ki, “FENIKS-AA” MMC şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatovun oğlu Aydın Aydınlıya məxsusdur.
Əlavə edək ki, “Feniks-AA” MMC 06.11.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 152, m. 56-da yerləşir.
Qeyd edək ki, “Feniks-AA” MMC-yə 2008-ci ilə kimi İlqar İsbatovun özü rəhbərlik edib. 2008-ci ildə İlqar İsbatov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru təyin olunduğu üçün rəsmi sənədlərdə şirkət rəhbərliyini oğluna həvalə edib.
İlqar İsbatovun oğlu Aydın Aydınlının “Feniks-AA” MMC-i bugünə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub.
Həmçinin bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 milyon 304 min manatlıq olan 22 müqavilə müsabiqə keçirilmədən müqavilə bağlanaraq öz tabeliyindəki quruma – Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə həvalə edilərək Şuşada Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılması işlərini “Feniks-AA” MMC-nin rəhbəri Aydın Aydınlıya verib. İlqar İsbatovun 30 yaşlı oğlu Aydın Aydınlının adı gündəmə ilk dəfə 2011-ci ildə gəlib.