Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
Seçkilərin rəsmi şəkildə elan edilməsi VII çağırış Milli Məclisə deputat seçilmək istəyən şəxsləri də hərəkətə keçirib. Bu dəfə millət vəkilliyinə iddia edən şəxslər arasında ötən çağırışlarda parlamentdə təmsil olunan keçmiş deputatlar da var.
Məlumatlı mənbələrdən Editor.az-a daxil olan informasiyaya görə, keçmiş deputat, hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fonduna icraçı direktoru vəzifəsində çalışan Əkrəm Abdullayev də yenidən millət vəkili seçilmək üçün hərəkətə keçib. Keçmiş deputatın yenidən parlamentdə təmsil olunmaq üçün bütün əlaqələrini işə saldığı bildirilir. İddialara görə, Ə.Abdullayev Yeni Azərbaycan Partiyasının(YAP) siyahısından yenidən Salyan rayonundan deputat seçilməyə çalışacaq.