Bakıda 55 yaşlı qadın qanunsuz sahibkarlıq və hədə-qorxu ilə tələbetmə cinayətlərinə görə həbs edilib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara sələm verərək göstərdiyi xidmət qarşılığında müştərilərindən faiz alıb.
Q.Məmmədova 13 nəfərə 92 min 760 min manat sələm verib, hesabladığı faizlərlə birlikdə onlardan əlavə 51 min 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü müştərilərindən ikisini şantaj etdikdən sonra açılıb.
İstintaq materiallarında yazılıb ki, Q.Məmmədova ondan pul götürən G.Quliyeva və F.Fərzəliyevaya borclarından əlavə pul hesablayıb.
Daha dəqiq desək, o, zərərçəkmiş G.Quliyevaya borcundan əlavə 28 min 500, F.Fərzəliyevaya isə 4 min 500 manat məbləğində ödəniş hesablayıb. Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantaj olunublar.
Təqsirləndirilən xanım həmcinslərini şantaj etmək üçün maraqlı yola əl atıb. O, zərərçəkmişləri üçüncü şəxs vasitəsilə tanıdığı, hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.
Zərərçəkmiş xanımlar şikayətlərində yazırlar ki, Qönçə Məmmədova onlara yutub və digər sosial şəbəkələrdə Qabil vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib. Onlar razılaşmadıqda isə özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videolar Qabilə göndərilib. Bundan sonra sövdələşməyə əsasən, Qabil özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən kanalında G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyib, onlar haqda rüsvayedici ifadələr işlədib.