Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib.
Pravda.az xəbər verir ki, görüşdə çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin dedi:
-İnanıram ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bundan sonra da ölkə quruculuğunun müxtəlif istiqamətlərində yeni nailiyyətlər əldə edəcək. Çin-Azərbaycan əlaqələri səmimiyyətə və qarşılıqlı etimada əsaslanır.
Ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin-Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Bu gün biz Birgə Bəyannamə qəbul edəcəyik. Bu sənədlə ikitərəfli əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyimizi bəyan edəcəyik. Bu, həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək dedi:
-Hörmətli cənab Sədr.
Yenidən görüşməyimizə çox şadam. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz yaxın tərəfdaşlardır və bu gün qəbul ediləcək Bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik.
Şadam ki, Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır və ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafına mühüm impuls verir. Beynəlxalq strukturlarda qarşılıqlı dəstəyi, ikitərəfli səviyyədə qəbul edilən müxtəlif sənədlərdə ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinin ifadə olunmasını xüsusi vurğulamaq istərdim.
Eyni zamanda, ölkələrimizin nazirləri, idarələri, dövlət strukturları, ictimai təşkilatları səviyyəsində fəal diplomatiyanı, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında məhsuldar əməkdaşlığı qeyd etmək istərdim. Bütün bunlar əlaqələrimizi möhkəmləndirir.
Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir. Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq.
COVID-19 epidemiyası zamanı göstərilən köməyə görə bir daha Sizə minnətdarlığımı bildirmək istərdim. Mənim Sizə yazılı müraciətimə dərhal müsbət reaksiya verildi və Azərbaycana minlərlə insanın həyatını xilas edən milyon dozadan çox vaksin çatdırıldı. Azərbaycan bu sınaqdan, ilk növbədə, Sizin dostluq münasibətiniz və çətin vaxtda bizə köməyiniz sayəsində ən az itkilərlə çıxan ölkələr sırasında oldu.
Qeyd etmək istərdim ki, investisiya əməkdaşlığının perspektivləri artıq əyani şəkildə görünür. Son hadisələr arasında elektromobillərin və elektrobusların tanınmış istehsalçısı – Çinin “BYD” şirkətinin Azərbaycanın strateji tərəfdaşı seçilməsini qeyd etmək istərdim. Əməkdaşlığın, elektrobusların və digər elektromobillərin birgə istehsalının ilk addımı olaraq müvafiq sənədlər imzalanıb. Əlbəttə, ölkələrimiz arasında yükdaşımaların artmasını xüsusi məmnunluqla qeyd edirəm.
x x x
Si Cinpin İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini vurğuladı. Tayvanda keçirilmiş seçkilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən pislənildiyi, Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdiyi qeyd olundu.
Si Cinpin Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyinə görə təşəkkürünü bildirdi. Ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyü xüsusi qeyd olundu.
Prezident İlham Əliyev Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd etdi ki, Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinin tərəfdarıdır. İkili standartlardan əziyyət çəkmiş ölkəmiz də daxili işlərimizə qarışmaq cəhdlərini qəbul etmir.
Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi vurğulandı, gələn il Çinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi bildirildi.
Si Cinpin Azərbaycan Prezidentini Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına, eyni zamanda, bu əsnada Çinə dövlət səfərinə dəvət etdi.