"Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərə böyük əhəmiyyət verir. Dövlətlərimiz arasında qardaşlıq münasibətləri və tarixi əlaqələr, istər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər qardaş ölkələrimiz arasında birgə əməkdaşlığın daha da dərinləşməsini labüd edir."
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada ikitərəfli və çoxtərəfli görüşləri ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli medianın suallarına cavabında bildirib.
O nun sözlərinə görə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirən amillərdəndir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər, razılıqlar, birgə layihələr ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. Bu xüsusda, Qazaxıstan Prezidentinin ölkəmizə cari ilin mart ayında səfəri zamanı iki ölkə arasında investisiya fondunun yaradılması haqqında razılıq prosesinin yekunlaşdırılaraq Astana görüşü zamanı dəyəri 300 milyon ABŞ dolları məbləğində fondun yaradılması barədə müqavilənin imzalanmasını xüsusilə vurğulamaq istərdik.