İyunun 3-də Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) Azərbaycanla bağlı ictimai bəyanatın dərc olunması barədə qərar qəbul etməsi bizi dərindən təəssüfləndirdi.
Pravda.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) 3 iyul 2024-cü il tarixli ictimai bəyanatına dair şərhində bildirilib.
Qeyd edilib ki, İQAK, həmçinin "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyasının tələbinə zidd olaraq, Azərbaycanın müvafiq razılığı alınmadan 2022-ci ildə edilmiş xüsusi səfərinin yekunları üzrə hazırlanmış hesabatı tam şəkildə dərc etmək barədə əvvəllər presedenti olmayan qərar qəbul edib. Bu yanaşma ədalətsiz və əsassızdır, habelə hüquqi baxımdan sual yaradır.
2002-ci ildən etibarən İQAK bir neçə dəfə ölkəmizə dövri və xüsusi səfər həyata keçirib və Konvensiyanın Azərbaycan tərəfindən həyata keçirilməsinə dair hesabatlar dərc edib. Azərbaycan hesabatlarda qeyd olunan hər bir müddəa üzrə hökumətin mövqeyini təqdim edib. Bununla yanaşı, ictimai bəyanatda da qeyd edildiyi kimi, müvafiq çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə addımlar atılıb və Komitənin tövsiyələri hər zaman nəzərə alınıb.