Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilər yaxınlaşdıqca hərarət də yüksəlməkdə, bu arada şayiələr də yayılmaqdadır. VI çağırış Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcəkləri barədə məlumata artıq reaksiya verilib, məsələyə aydınlıq gətirilib. Qeyd edək ki, yayılan xəbərlərdə bildirilirdi ki, adıçəkilən deputatların adları YAP-ın Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edildiyi üçün guya onlar hakim partiyanın namizədlərinin siyahısına salınmayıblar. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında həm özü ilə bağlı xəbərə geniş münasibətini açıqladı, həm də seçki ətrafında digər suallarımızı cavablandırdı.
- Yeni Azərbaycan Partiyası bütün dövrlərdə hakimiyyətə seçki yolu ilə gəlib. Seçkilər olan müddətdə də, həmçinin 1993-cü ildə keçirilən prezident seçkilərində Ümummilli liderin səlahiyyətli nümayəndəsi olmuşam. Ondan sonrakı dövrlərdə də səlahiyyətli nümayəndə, Seçki Qərargahının üzvü, eyni zamanda müəyyən dövrlərdə də Seçki Qərargahına rəhbərlik etmişəm. Eyni zamanda da paralel olaraq mən parlament seçkilərində Milli Məclisə üzv seçilmişəm. Bu Seçki Qərargahı fərqlidir. Bu, MSK deyil. MSK-ya seçilənlər təbii ki, namizəd ola bilməz. Amma hər bir partiyanın seçki qərargahı var və seçki qərargahında da elə insanlar olmalıdır ki, onun seçki prosesindən anlayışı olsun, onu idarə eləsin, tövsiyələrini versin. Dediyim kimi, mən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının üzvüyəm, seçki komissiyasının deyil. Bu xəbər yalandır. Seçki komissiyasının tərkibinə daxil edilsəydim, onda namizədliyimi irəli sürə bilməzdim. Amma indiki halda namizədliyimi irəli sürə bilməyəcəyim haqda xəbər kökündən yanlışdır. Mərkəzi Seçki Qərargahının üzvləri arasında elə deputatlar da olmalıdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır. Seçki qərargahında həm seçki planı hazırlanır, eyni zamanda tədbirlər planı yazılır. Ondan sonra məşvərətçi səs hüquqlu üzvlər, müşahidəçilər təyin olunur. Seçki prosesi partiya şəklində iştirak etmək üçün genişdir. YAP İdarə Heyəti yığışdı və Seçki Qərargahının yaradılması barədə qərar qəbul etdi. Bundan sonra səlahiyyətlər Seçki Qərargahına keçdi. Seçki proseduruna rəhbərlik etmək artıq Mərkəzi Seçki Qərargahının hüququdur. Həm namizədlərin irəli sürülməsi, həm imza toplanılması, təbliğat-təşviqat məsələləridir, təbliğat materiallarının çap olunması, paylanması, seçki günü müşahidənin aparılması kimi bütün proseslər seçki qərargahının funksiyasına daxildir. Biz də Seçki Qərargahında təmsil olunuruq. Bu, YAP rəhbərliyi tərəfindən çox yüksək etimaddır ki, bu prosesdə iştirak etmək bizə həvalə olunub. Qərargahın rəhbəri və üzvləri var, biz də bu prosesdə iştirak edirik.
- Yəni bu, o demək deyil ki, sizin adınız YAP-ın namizədlər siyahısında olmayacaq, eləmi?
- Qətiyyən. Əksinə, bu, daha da stimul verdi. Bu, tamam başqa məsələdir. Hətta mən burada digər namizədlərin məsələləri ilə məşğulam.
- Aydınlıq gətirdiyinizə görə təşəkkür edirəm. Yeri gəlmişkən, YAP-ın namizədlər siyahısı nə zaman açıqlancaq? Demək olar ki, ortaya iddia qoymaq istəyən hər kəs hakim partiyanı gözləyir.
- İşlənilir. Yaxın vaxtlarda keçiriləcək növbəti toplantımızda artıq YAP-ın namizədlərinin irəli sürülməsi ilə bağlı qərar qəbul ediləcək.
- Belə məlumat var ki, növbəti həftənin birinci günü açıqlana bilər...
- Vaxtı dəqiq deyə bilmərəm.
- Yəqin ki, namizədlərlə bağlı son sözü YAP-ın sədri, cənab Prezident deyəcək, elə deyilmi?
- Əlbəttə. Yekun qərar YAP-ın sədrinə məxsusdur, İdarə Heyəti üzvlərinin, yaxud Seçki Qərargahının deyil. Son qərarı partiyamızın sədri deyəcək.
- YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, hakim partiya əvvəlki dövrlərdə olduğu kimi, bəzi dairələrdə yenə də müstəqil namizədləri dəstəkləyəcək. Bu qərar neçə dairəni əhatə edə bilər?