Son günlər ölkə ərazisində ekzogen geoloji proseslərin-torpaq sürüşmələrinin dinamikasında artım müşahidə olunmaqdadır. Proseslərin inkişafında klassik sürüşmə ocaqlarının mövcudluğu ilə yanaşı 2024-cü ilin iyun ayı ərzində ölkə ərazisində, xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli, lakin leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb.
Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev açıqlama verib.
Onun sözlərinə görə, dağlıq rayonlarda ay ərzində 24 gün yağıntılı keçib və yağıntının miqdarı normadan çox olub, bu da sürüşmələrin mövsümə uyğun olmayan anomal təzahürlərini şərtləndirib: "Qısa dövr ərzində Quba rayonunun Xınalıq, İsmayıllı rayonunun Namazgah-Lahıc, Qoydan və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 75.2-ci kilometrliyində baş verən nisbətən iri sürüşmə sahələrinin qeydə alınması təbii geoloji, texnogen və iqlim faktorlarının birgə təsiri nəticəsində formalaşıb”.
Əli Əliyev bildirib ki, Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri tərəfindən ən iri sürüşmə ocağı olan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 75.2-ci kilometrliyindəki sürüşmə sahəsinə operativ mühəndis-geoloji baxış keçirilib, prosesin baş vermə səbəbləri və onun inkişaf perspektivliyi qiymətləndirilib.
“Sözügedən sürüşmə ərazisinin geoloji quruluşunda üst qatda Holosen yaşlı elüvial-delüvial, kollüvial, alt qatda isə Orta-Üst Miosenin Diatom lay dəstəsinin çöküntüləri iştirak edir və əsasən yarımbərk konsistensiyalı ağır gilcələr və gillərdən ibarət olan bu çöküntülər (qalınlığı 2-5 m) intensiv atmosfer çöküntülərinin düşməsi ilə ciddi islanmaya, şişməyə və destruksiyaya məruz qaldığından dayanıqlığı pozulmuş substansiya şəklini alıb.