3 iyul 2024-cü il tarixində Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev, Türkiyə Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Zati-aliləri Şahbaz Şərif Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 24-cü iclası çərçivəsində Astanada görüşüblər.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Üçtərəfli zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub.
Daha öncə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində parlament spikerləri və xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlərin həmçinin dövlət başçıları səviyyəsində təşkili nəzərdə tutulur. Habelə, üç ölkə arasında əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün ortaq niyyət təsdiqlənib.