“Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazandığı, misilsiz uğurlara imza atdığı istiqamətlərdən biri də onun xarici siyasətidir. Dəqiq hesablanmış və düzgün qurulmuş Azərbaycanın xarici siyasi strategiyası milli maraqlara əsaslanaraq ölkələrlə qarşılıqlı anlaşma, hörmət, demokratik prinsiplər üzərində daim inkişaf edir. Məhz bu effektli siyasət, o cümlədən ədalətli mövqe, qətiyyətli addımlar dövlətimizi dünyada məsuliyyətli və etibarlı tərəfdaş kimi tanıdıb, regional liderliyini daha da möhkəmləndirib və qlobal aləmdə əsas aparıcı aktora çevirib. Eləcə də beynəlxalq münasibətləri həm nəzəri, həm də praktik səviyyədə dərindən bilən, geniş və məntiqli analitik təfəkkürə, məqsədyönlü, düşünülmüş siyasi baxışlara sahib olan Prezident İlham Əliyev istər regional, istərsə də beynəlxalq platformalarda dövlətimizin maraqlarını yüksək səviyyədə təmin edir. Ən əsası isə odur ki, Azərbaycan heç kimdən asılı olmayan, tamamilə müstəqil və sərbəst siyasət həyata keçirir. İmza atdığı beynəlxalq layihələr, irəli sürdüyü təşəbbüslər, həmçinin qlobal sülh və təhlükəsizliyə verdiyi davamlı töhfə dünya üçün son dərəcə səmərəli olub və yüksək qiymətləndirilib. Heç də təsadüfi deyil ki, ölkəmiz bilavasitə 155 ölkənin dəstəyi ilə 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Tərəddüdsüz ifadə edə bilərik ki, bu, Azərbaycanın uğurlu xarici siyasətinin mühüm əlamətidir. Digər vacib göstərici isə dünyanın ikinci ən böyük beynəlxalq qurumu olan Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrlik Azərbaycana etibar edilib. Həmin dövrdə yüksək təşkilatçılıq, nümunəvi və ədalətli idarəçilik, institusional yeniliklər sayəsində bu beynəlxalq təsisat dünyada böyük imic qazandı, qlobal çəkisi isə xeyli artdı”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın xarici siyasətində xüsusi önəm daşıyan istiqamətlərdən biri də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərdir: “Dünyanın kifayət qədər nüfuzlu təşkilatı olan, ərazi və əhali baxımdan ən böyük bir neçə ölkəni özündə birləşdirən ŞƏT-lə ölkəmizin əlaqələri davamlı olaraq inkişaf edir. Bu təşkilatla Azərbaycan arasında əməkdaşlıq sahələrini nəzərdə tutan memorandum imzalanıb və ölkəmiz ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir. Yeri gəlmişkən, burada təmsil olunan və bir araya gələn, demək olar ki, bütün dövlətlərlə ölkəmizin normal əlaqələri var. Təbii ki, bu da təşkilatla münasibətlərimizin genişlənməsinə münbit şərait yaradır. Eyni zamanda qarşılıqlı etimad, qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasi, ticarət, iqtisadiyyat və digər sahələrdə səmərəli əməkdaşlıq, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması kimi ŞƏT-nin məqsədləri Azərbaycan üçün də xüsusi önəm kəsb edir və ölkəmizin maraqlarına tam cavab verir”.