Dünəndən bəri məşhur aktyor Midhat Aydının bir tikintidə işlədiyi anın görüntüləri sosial şəbəkələrdə gündəm olub. Müzakirələrə səbəb olan videoya yazılan rəylərdə insanlar 67 yaşlı aktyorun tikintidə fəhlə işlədiyini iddia ediblər. Bəziləri isə görüntülərin film çəkilişindən bir hissə olduğunu deyib. Yayılan görüntülərlə bağlı Demokrat.az aktyorun özü ilə əlaqə saxlayıb.
Aktyor videodakı tikilinin özünə məxsus ev olduğunu və ustalar tərəfindən çəkildiyini bildirib.
Midhat Aydın “Təsadüfən bir ömrüm yenə olsa, gedib fəhlə olardım” deyib:
“Bura mənim öz evimdir. 20 il bundan qabaq tikintiyə başlamışam. İki mərtəbə evdir. İki oğlum var. Neçə illərdi bütün ailə bir yerdə birinci mərtəbədə yaşayırıq. Müəyyən problemlərdən ucbatından, həmçinin, pandemiya, evə qapanma və s. səbəblərdən imkan olmadı. İndi şükür Allaha bir az əldə imkan tapıb ustalar gətirmişəm, həmin evi təmir edirəm. Orda ustalara mən kömək edirəm. Öz evimdir. O videonu mən işləyəndə ustalar elə- belə çəkmişdilər. Mən də götürdüm paylaşdım. Əvvəla onu da deyim ki, fəhləlik ayıb bir iş deyil. Lazım olsa gedib fəhləlik də edərəm. Təsadüfən bir ömrüm yenə olsa, gedib fəhlə olardım. Çox gözəl işdir. O fəhlələrlə mən oturdum durdum, bir yerdə çörək yedim, ilahi necə gözəl insanlardır, necə gözəl aləmdr. Özümün də çəkilişlərim var. Yoldaşlardan xahiş etmişəm ki, bir-iki gün məni gecikdirin, bu suvax işini bitirim. Sabah Allah qoysa qurtarıb çəkilişə gedəcəm”.