2020-ci il oktyabrın 11-də Hövsan yaşayış kompleksinin mühafizəçisi Rüstəm Bayramovun meyiti tapılıb. Bu barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu yollanıb. Hadisə yerinə baxış keçirilərkən mərhumun baş nahiyəsində və bədən səthində xəsarət izləri aşkar edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, ağır cinayət iki il bağlı qalıb. Suraxanı Rayon Prokurorluğunda cinayət işinin icraatı dayandırılıb.
Hadisədən iki il sonra, 2022-ci il iyulunda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, məlum cinayətin üstünün açıldığını bildiriblər. Qətli törətməkdə şübhəli bilinən üç nəfərin - Radiq Feyziyev, Tahir Ələkbərov və Rəşad Kərimov barəsində isə həbs qətimkan tədbiri seçilib. Suraxanı Rayon Prokurorluğunda icraatı dayandırılmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib.
2020-ci il oktyabrın 7-də Rüstəm Bayramov Radiq Feyziyevdən psixotrop maddə alıb, 100 manat pulu növbəti gün ödəyəcəyinə söz versə də, bunu etməyib. Buna görə, Radiq Feyziyev Rüstəm Bayramovdan pulu almaq, vermədiyi halda isə onu döyüb, cəzalandırmaq qərarına gəlib.
Ayın 10-u saat 22 radələrində kirayə qaldığı evdə Rəşad Kərimov, Tahir Ələkbərov və Rüstəm Bayramovla görüşərkən o, sonuncudan pulunu tələb edib. R.Bayramov yaxın zamanda borcunu qaytaracağını bildirsə də, Radiq Feyziyev ona pulu dərhal qaytarmalı olduğunu bildirib. Mübahisənin yarandığını, qarşı tərəfin say etibarı ilə daha üstün olduğunu görən Rüstəm Bayramov gözətçi iş yerindən icazə alıb gəldiyini, təcili geri qayıtmalı olduğunu bəhanə edərək, evdən çıxıb. Rüstəmin pulu qaytarmaq niyyətində olmadığını görən Radiq Feyziyev tanışları ilə birlikdə onun arxasınca gedərək, evindən təxminən 450 metr məsafədə, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 8 ünvanında Rüstəm Bayramova çatıb və onu saxlayıblar. Ona yumruq və təpiklə zərbələr endiriblər. Əvvəl Radiq Feyziyev sağ əlinin ovuc hissəsində saxladığı daş parçası ilə Rüstəm Bayramovun baş nahiyəsinə var gücü ilə zərbə vurub. Müvazinətini itirib, yerə yıxılandan sonra Tahir Ələkbərov da digər daş parçası ilə onun başına iki dəfə zərbə endirib. Vahid niyyətlərini başa çatdırmaq məqsədi ilə ayaqları ilə baş nahiyəsinə, üzünə və bədəninə çoxsaylı ağır dərəcəli xəsarətlər yetirib. Nəticədə Rüstəm Bayramov ölüb.
Bundan başqa, məlum olub ki, Radiq Feyziyev 2020-ci ilin yay aylarında tanış olub, qeyri-rəsmi yaşadığı Xuraman Abdullayevanı və onun daun sindromlu övladı, 2010-cu il təvəllüdlü Alişan Abdullayevi Hövsan qəsəbəsinin Məktəbli küçəsində, kirayə tutduğu evə gətirib. Birlikdə bir müddət yaşadıqdan sonra ailədaxili narazılıq zəminində həmin ilin oktyabr ayında qadını və azyaşlı oğlunu evdə saxlayaraq, çölə çıxmağa qoymayıb. Belə ki o, evin giriş qapısını açarla çöl tərəfdən bağlayaraq gedib.
2022-ci il mayın 27-də Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən Radiq Feyziyev Hövsan qəsəbəsində, Bağlar massivində yaşadığı evin yaxınlığında saxlanılaraq, idarəyə gətirilib. Şəxsi axtarış zamanı üzərindən ayrı-ayrı bükümlərdə ümumilikdə üç qramdan artıq heroin götürülüb.
Məhkəmə iclasında Radiq Feyziyev ittiham üzrə özünü təqsirli bilməyərək, göstərib ki, Tahir Ələkbərov da onun kimi Hövsanda kirayədə yaşayıb. Rüstəm Bayramovu heç vaxt görməyib. Mayın 2-də Astaradan Bakıya qayıdandan sonra qardaşı və əmisi oğlu deyiblər ki, onu 30-cu şöbənin əməkdaşları axtarırlar. Könüllü olaraq oraya gedib. Şöbədə əməkdaşlar sorğu-sual edib ona şəkillər göstəriblər, o da orada gördüyü adamları tanımadığını bildirib. Sonra onu buraxıblar.
Rəşad Kərimov ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, Rüstəm tez-tez Radiqin yaşadığı evə gedib-gəlib, aralarında pula görə ədavətləri olub: