Pravda.az Lent.az-a istinadən "Bioqrafiya" rubrikasında müğənni, "Toylar kralı" Manaf Ağayev haqqında məlumat verir.
- Manaf Ağayev harada və nə zaman anadan olub?
1964-cü il aprel ayının 26-da Füzuli rayonunun Şıxlı kəndində doğulub. Orta təhsilini Füzuli rayonunda alıb.
- Manaf Ağayevin ali təhsili var?
1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin "Mədəni-Maarif" fakültəsinə daxil olub.
- Manaf Ağayev yaradıcılığa nə zaman başlayıb?
İlk albomu 1996-ci ildə işıq üzü görüb. Ən uğurlu nailiyyətlərindən biri 2009-cu ildə "Toylar kralı" adlı telemüsabiqənin qalibi olmasıdır.
- Manaf Ağayevin paxıllığını çəkənlər var?
O, bu suala belə cavab verib: "Var da sözdür? Paxıllığımı çəkən çoxdur. Hamı bilir yaxşı oğlanam, yaxşı kişiyəm, yaxşı dostam, yaxşı ailə başçısıyam və bu danılmazdır, paxıllıq edirlər. Həzm edə bilməyənlər var. Yoxsa kimə nə pislik etmişəm?"
- Manaf Ağayevə toyda "sən oxuyan deyilsən, sən kişisən" deyilmişdi. Bu ona necə təsir edib?
"Video yayıldı, toyda bir kişi mənə "sən oxuyan deyilsən, sən kişisən" demişdi. İlk dəfə məni görürdü. Efirlərə, saytlara fərqli verdilər. Bakı balaca şəhərdir, hamı hamının haqqında nə istəyirsə o məlumatı toplaya bilir. Kişilik məşq eləməklə əldə olunmur. Gərək qanında, canında, əmdiyin südündə ola. Adam tanıyıram ki, pulu yoxdur, ədasından yanından keçmək olmur. Kişi də var kasıbdır, amma mərddir. Adamlıq pulla olmur",- deyə Manaf bildirib.
- Dilindən dost sözü düşməyən Manaf Ağayevin zay əməlinə görə silib atdığı dostları var?
Var. "Mən tutulanda, baxdım gördüm ki, dost bildiklərimin çoxu adicə şəklimi qoyub paylaşmağa, bir kəlmə "keçmiş olsun" yazmağa qorxdular. Mən dövlətə xəyanət eləməmişdim ki. Bir xəta idi, ona da 15 sutkalıq həbs verildi. Amma mən gəlib sənin ailənə dəstək olardım. Bir şəkil qoyub, bir status yazmağa ürkdün? Bircə Ədalət Şükürov yanıma da gəldi, evimə də gəldi. Sənətdən kənar dostlarım çox var, onları nəzərdə tutmuram, öz camiəmizdən qorxanlar çox oldu. Həmişə onları qorumuşam. Amma gördüm ki, səhv eləmişəm. Sonra fikirləşdim ki, niyə özümü öldürürəm, onların limiti bura qədərdir, bura qədər dostluq edə bilirlər. Mən də hamını özüm kimi görmək istəyirəm. Axı hamı mən ola bilməz. Mən içəridə olanda Orxan Lökbatanlı elə səhəri gün trend olan bir meyxana demişdi. Dost bildiklərim, qoruduqlarım bunu eləmədilər. Mən pul istəmirəm, mal istəmirəm, ailəmə yaxınlaşıb bir kəlmə xoş söz də deyə bilmirdilər? Bəs 15 il alsam, nə edərdilər?",- deyə müğənni gileylənib.
- Manaf Ağayev nə üçün həbs edilmişdi?
O, şəxsi avtomobili ilə işğaldan azad edilmiş ərazilərə icazəsiz keçdiyi üçün 15 gün müddətinə azadlıqdan məhrum edilmişdi.
- Manaf Ağayev özünü sənət adamı, yoxsa toy müğənnisi hesab edir?
"Həmişə demişəm ki, mən əsl toy müğənnisiyəm. Kim nə iş görür görsün, mən toyxana üçün yaranmışam, səhnə istəmirəm, dünya turu istəmirəm. Özünü əsl sənətdə hesab edənlər də gəlib toy oxuyurlar. Guya bizim sənətdən kim gedib Avropaya çıxa bilir? Xaricə konsertə gedirəm deyənlərin çoxu elə toy oxumağa gedir",- deyə o bildirib.
- Manaf Ağayev sənət yoldaşlarını evinə buraxır?
Onun fikrincə evə hər adamı buraxmazlar. Dostlarını bağına dəvət edir. Ailəvi gediş-gəlişi olan tanınmışlar Vasif Məhərəmmli, Ədalət Şükürov, Nüşabə Ələsgərli, Afət Fərmanqızıdır.