Xəbər verdiyimiz kimi, iyulun 6-da Şuşada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalanıb.
Pravda.az Bəyannaməni təqdim edir:
“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün
Qarabağ Bəyannaməsi
Türk Dövlətləri Təşkilatının (bundan sonra TDT adlandırılacaq) “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada keçirilmişdir.
Görüşə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev ev sahibliyi etmişdir. Görüşdə Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Zati-aliləri Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Vitse-prezidenti Zati-aliləri Cevdet Yılmaz, Macarıstanın Baş naziri Zati-aliləri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Zati-aliləri Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Zati-aliləri Kubanıçbek Ömüralıyev iştirak etmişlər.
Türk Dövlətləri Təşkilatının dövlət başçıları,
Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək;
Türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini vurğulayaraq;
Bəşəriyyət tarixində Türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq;
2023-cü il noyabrın 3-də “TÜRKTIME” şüarı altında keçirilmiş, TDT-nin gələcək transformasiyasında və Türk dünyasının inteqrasiyası səylərində, eləcə də onların xalqlarının birlik və rifahının gücləndirilməsində növbəti mühüm mərhələ olan TDT-nin yubiley - Astana Zirvə görüşünün uğurlu təşkilinə görə Qazaxıstan Respublikasının sədrliyini dəyərləndirərək;
TDT-nin yaradılmasına dair Naxçıvan Sazişinə uyğun olaraq, Dövlət Başçıları Şurasının (DBŞ) müntəzəm görüşləri ilə yanaşı, ildə bir dəfə DBŞ-nin qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təklifini alqışlayaraq;
Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyətini qəbul edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğunu bəyan edərək;
Yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışı üçün şərait yaradacaq genişmiqyaslı minatəmizləmə fəaliyyəti və humanitar minasızlaşdırma səyləri də daxil olmaqla, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliklərini ifadə edərək;
Türk Dövlətləri arasında sabit və çoxşaxəli əlaqələrin inkişafına, o cümlədən iqlim fəaliyyəti vasitəsilə sağlam planetin qorunmasına yönəlmiş birgə səylərlə davamlı gələcəyin mümkün olduğunu təsdiq edərək;
Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb etdiyini və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyini etiraf edərək,
Bəyan etdilər ki, onlar:
1. TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyərini vurğulayırlar;
2. Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayırlar;
3. Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyini qeyd edirlər;
4. Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli trans-regional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar;
5. Ticarət həcmlərini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa çağırırlar;
Bu məqsədlə nəqliyyata məsul olan nazirlərə nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin təqdim edilməsi və dəhliz boyu müntəzəm nəqliyyat xidmətlərinin yaradılması istiqamətində gələcək addımların atılmasını tapşırırlar;
6. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsini, bu yol boyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi ilə bağlı Azərbaycanın, Gürcüstanın və Türkiyənin üçtərəfli səylərini qiymətləndirirlər;
7. Bütün TDT regionunda beynəlxalq ticarətin, investisiya və tranzit potensialının artırılmasına da töhfə verəcək Qırğız Respublikasının Nazirlər Kabineti, Çin Xalq Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2024-cü il iyunun 6-da imzalanmış Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin təşviqi istiqamətində birgə əməkdaşlıq üzrə tarixi Sazişi alqışlayırlar;
8. Regional ticarət həcminin davamlı artdığını məmnunluq hissi ilə qeyd edirlər, qarşıdan gələn illərdə ticarət həcminin həqiqi potensialına çatdırılması üçün konkret tədbirlərin görülməsi barədə razılığa gəlirlər, beynəlxalq öhdəliklərə riayət etməklə ticarətdə texniki maneələrin aradan qaldırılmasının və DEPA (Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi) mətni üzrə müzakirələrin tamamlanmasının sürətləndirilməsinin vacibliyini vurğulayırlar;
9. İqlim dəyişikliyi və onun türk dövlətlərinin dayanıqlı inkişafına təsirlərinə birgə iqlim fəaliyyəti yolu ilə cavab verilməsində daha sıx əməkdaşlığın zəruriliyini vurğulayırlar;
10. Günəş, külək və su elektrik enerjisi kimi təmiz enerji mənbələrinin inteqrasiyasına diqqət yetirməklə dayanıqlı inkişafın təşviq edilməsi və rəqəmsal infrastruktur, ictimai xidmətlər və dayanıqlı təcrübələrin təkmilləşdirilməsi yolu ilə həyat keyfiyyətini yaxşılaşdırmaq, iqtisadi artımı gücləndirmək, iqlim fəaliyyətini dəstəkləmək üçün türk dövlətləri çərçivəsində “ağıllı şəhər və kəndlər” konsepsiyasının iqlimə davamlılığının inkişafını təşviq edir və bu xüsusda TDT-nin İqlim və Yaşıl Rəqəmsal Platformasının və TDT-nin İqlimə Davamlı Kəndlər Forumunun yaradılması üzrə müzakirələrin aparılması təşəbbüsünü irəli sürürlər;
11. Bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayır və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsində (Yaşıl dəhliz) son inkişafları alqışlayırlar;
12. Türk dövlətlərində bərpaolunan geniş enerji potensialından, üzv dövlətlər arasında və üçüncü ölkələrə bərpaolunan mənbələrdən də daxil olmaqla elektrik enerjisinin ixracı və ticarəti üçün geniş enerji sistemlərinin inkişafı imkanlarının istifadəsi məqsədilə onların enerji sistemləri arasında enerji inteqrasiyası və qarşılıqlı əlaqəsi üzrə sıx əməkdaşlığa çağırırlar;