Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Pravda.az A.Əliyevin dosyesini təqdim edir.
O, 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistr pilləsi üzrə təhsil alıb. 2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifi olub. 2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görüb. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.