İyulun 8-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib.
Pravda.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29-a hazırlıq prosesinin Prezident İlham Əliyevin daimi nəzarəti altında olduğunu qeyd edib.
Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyev iyulun 4-də keçirilmiş “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında tədbirdə və iyulun 6-da Şuşada təşkil edilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycanın COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Təşkilat Komitəsinin sədri əlavə edib ki, Şuşa Zirvə görüşündə qəbul olunmuş “Qarabağ Bəyannaməsi”ndə qardaş türk dövlətləri COP29-da real nəticələrin əldə edilməsi istiqamətində Azərbaycanın ardıcıl səylərini dəstəkləyiblər.
Samir Nuriyev Prezident İlham Əliyevin Liderlər Sammitinə dəvətinə cavab olaraq tədbirdə iştirak edəcək dövlət və hökumət başçılarının sayının artdığını bildirib. O, Sammitə böyük marağın ölkəmizə hörmətin, Azərbaycanın nəhəng beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək qabiliyyətinə inamın və yaşıl keçidlə bağlı qəti siyasi iradəsinə etimadın göstəricisi olduğunu vurğulayıb.
Prezident Administrasiyasının rəhbəri bildirib ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni müvafiq dövlət qurumlarının rəyləri nəzərə alınmaqla yaxın zamanlarda hazır olacaq.
Təşkilat Komitəsinin sədri 2024-cü il iyunun 3-13-də keçirilmiş Bonn iqlim konfransından sonra Azərbaycanın COP29 sədrliyinin aktiv mərhələsinə qədəm qoyduğunu qeyd edib.
Azərbaycanın COP29 prioritetləri barədə danışan Samir Nuriyev müxtəlif dövlət qurumlarının təklifləri əsasında, eləcə də BMT və digər beynəlxalq qurumlarla intensiv müzakirələr nəticəsində 14 təşəbbüsdən ibarət ilkin təkliflər siyahısının hazırlandığını bildirib.
Samir Nuriyev qeyd edib ki, artıq BMT ilə razılaşdırmaqla COP29-un tematik günlərinin bölgüsü aparılıb.
Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatları, beyin mərkəzləri ilə də əməkdaşlığa açıq olmasına toxunan Samir Nuriyev vurğulayıb ki, bir sıra nüfuzlu əcnəbi şəxslərdən ibarət COP29 Beynəlxalq Məşvərət Komitəsinin yaradılması istiqamətində işlər yekunlaşmaqdadır.