"Reo-Med" klinikasına liposaksiya üçün müraciət edən və komaya düşərək vəfat edən 29 yaşlı Aybəniz Almuradovanın ailəsi həkimlərdən şikayətçidir. Oxu.Az-a açıqlama verən A.Almuradovanın bacısı Gülər Əliyeva mərhumun ölümündə həkimləri günahlandırıb.
Onun sözlərinə görə, bacısı sosial şəbəkədə tanınan həkim Mətanət Eyvazovaya yazaraq liposaksiya olunmaq istədiyini bildirib. Həkim də cavabında əməliyyatın çox yüngül proses olduğunu bildirərək, klinikaya dəvət edib. İyunun 11-də Aybəniz Almuradovanı əməliyyat etmək üçün anesteziya edilib. Hər şey də bundan sonra başlayıb:
"Əməliyyat otağında anestezioloq Babək Mahmudov iynəni vurub, iynənin düzgün vurulub-vurulmadığı sual altındadır. Çünki xəstəxananın kameraları sındırılıb. Ona görə də əməliyyat otağında nə baş verdiyini dəqiq bilmirəm. Xəstəxananın direktoru Əli Hüseynov, anestezioloq Babək Mahmudov və həkim Mətanət Eyvazova - hamısının əli var bu işdə. Bacım komada olanda öyrəndik ki, Mətanət Eyvazovanın heç bir ali təhsili yox imiş. Həmin şəxs lazeroloq işləyirmiş, 6 aydır ki, bu işi kursa gedərək öyrənib. Sadəcə əlində kurs sertifikatı olan bir adam həkim kimi işləyib. Heç bir səlahiyyəti olmadan... Biz ondan diplomunu tələb etdik, gətirmədi. Anestezioloq B.Mahmudovdan da tələb elədik. Mənə gətirdiyi diplom odur ki, adam müalicə işi üzrə keçən il universitet bitirib. Onun anesteziologiya üzrə heç bir təcrübəsi yoxdur".
Mərhumun bacısının sözlərinə görə, xəstəxana da qanunsuz fəaliyyət göstərirmiş:
"Əli Hüseynov da "Reo-Med" klinikasını qanunsuz işlədirmiş. Binəqədi Rayon Prokurorluğundan bildirdilər ki, bizim o xəstəxanadan xəbərimiz yox idi. Bir ay əvvələ kimi biz o xəstəxananı bağlı bilirdik. Oradan şikayət olunub. Bir xanım əməliyyat olunub, bədənində çürümə gedir. Düzdür onu Mətanət etməyib. Başqa həkim edib, amma o xəstəxanada olub. Biz şikayətə gedəndən sonra bildik ki, qanunsuz şəkildə işlədilib. Tibb bacılarının, həkimlərinin ali savadı yoxdur ".
