Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nuridə Seyidova dövlət ittihamçısının suallarına cavab verib.
Nuridə Seyidova donorluq haqqında məlumatsız olduğunu bildirib: “Donorluq haqqında yetərli qədər məlumatlı deyildim, bütün işləri Aynur Bayramovaya güvənirdim, çünki Aynur talassemiya mərkəzində işləyirdi. Bu işə başlayanda talassemiyalı uşaqlarla işləyəcəyimi bilmirdim. Xəstələri Aysel xanım gətirirdi, hətta xəstələrə görə Aynur xanımla Aysel xanım arasında mübahisə də olmuşdu. Anamın Bakı şəhərində yerləşən evini satıb bir neçə zərərçəkmiş arasında paylaşdırdım. Lakin pul ödədiyim zərərçəkmişlərin adlarını xatırlamıram. Məni azadlığa buraxın gedim pulları gətirim zərərçəkmişlərə ödəyim.”
Məhkəmədə məlum olub ki, təqsirləndirilən Aynur Bayramovanın vəkili Zaur Hüseynov bu işə hakim Azad Məcidovun sədrliyilə baxılmasını istəmir. O, yazılı şəkildə etirazını elektron məhkəmə sisteminə yerləşdirib. Bu barədə məhkəmədə də elə hakim özü məlumat verib. Lakin vəkilin etirazı müzakirəyə çıxarılmayıb.
Prosesin gedişatında Aynur Bayramovanın müdafiəçisi onun xəstəliyi ilə əlaqəli ev dustaqlığına buraxılması vəsatətini verib. Məhkəmə vəsatət haqqında zərərçəkmişlərin və təqsirləndirilənlərin fikirlərini öyrənib. Zərərçəkmişlər vəsatətə etiraz bildirib, təqsirləndirilən Aysel Məmmədova vəsatətin təmin olunmasına razı olsa da, Nuridə Seyidova narazılığını bildirib.
Meşavirədən sonra məhkəmə Aynur Bayramovanın heç bir zərərçəkmişlə barışıq əldə etmədiyini və ifadələrin tam alınmadığını əsas gətirərək vəsatəti rədd edib.