Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələr son günlər daha intensiv xarakter alıb. Deputat olmaq istəyən şəxslərin ard-arda iddialarını ortaya qoyması seçki mübarizəsinə rəng qatıb. Yenisabah.az xəbər verir ki, ölkənin ana müxalifət partiyası olan Müsavatın seçkidə iştirakla bağlı qərarı hakimiyyət əleyhdarları arasında nəzərəçarpacaq canlanma yaradıb. Bir çoxları üçün gözlənilməz olan bu qərar həm də yeni müzakirələrə rəvac verib. Hazırda mətbuat Müsavat Partiyasının seçki ilə bağlı qərarının arxasında dayanan məqamları araşdırmağa çalışır. Bu isə özlüyündə çoxsaylı iddia və ehtimalların ortaya çıxmasına səbəb olur.
Qeyd edək ki, son günlər hakimiyyətin Müsavat Partiyasının timsalında öz opponentlərinə seçkidə “yaşıl işıq” yandıracağına dair çoxsaylı ehtimallar səsləndirilir. Təkcə hakimiyyətə deyil, həm də Müsavata müxalif olan əks düşərgə təmsilçiləri sentyabrın 1-də 20-ə yaxın müxalifətçinin deputat mandatı ilə “mükafatlandırılacağını” iddia edirlər. Nə qədər qəribə olsa da, bu sırada Müsavat Partiyasının yeni başqanı İsa Qəmbərin də adı çəkilir, onun mandat alacağı dairə ilə bağlı iddialar irəli sürülür. Opponentləri iddia edirlər ki, İ.Qəmbər seçki mübarizəsinə Bakının Nərimanov rayonundakı 20 saylı dairədən qoşulacaq və marafonu bütün rəqiblərindən öndə tamamlayacaq.
Xatırladaq ki, İ.Qəmbər 19 il əvvəl sözügedən dairədən deputatlığa namizəd olub. Amma o, 2005-ci ildə keçirilən parlament seçkilərində hakimiyyətin dəstəklədiyi rəqibinə - Milli Məclisin sabiq vitse-spikeri, Suraxanı rayonu İcra Hakimiyyətinin indiki icra başçısı Adil Əliyevə uduzub.