“Artıq sosial şəbəkələr internet istifadəçilərinin əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkə istifadəçilərinin sayının artan xətlə çoxalmasının əsas səbəblərindən biri də bu platformalarda xidmətlərin pulsuz təqdim edilməsidir. Əvvələr istifadəçilər haqqında danışarkən müəyyən yaş qruplarını aid edirdiksə, indi isə cəmiyyətin müxtəlif yaş kateqoriyalarından olanlar, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə edirlər deyə bilərik. Hər bir ölkədə sosial münasibətlər qanun əsasında qurulur. Əgər onlar bir-birinə qarşı hansısa təhqirə yol verirlərsə, qanun işə düşür. Lakin internet üzərindən virtual sosial şəbəkələrin meydana gəlməsi artıq qanundan kənar mühit yaradır. Sosial şəbəkələrin bu gün yaratdığı ən böyük problem məhz qanundan kənar mühitin olmasıdır. Müasir və qloballaşan cəmiyyətdə fərdin iki kimliyi mövcuddur. Bunlardan biri milli kimlik, digəri isə “virtual kimlik”dir. Çox vaxt virtual kimlik milli kimliyi üstələyir və milli kimliyi məhvə gətirib çıxardır"
Pravda.az-ın xəbərinə görə, bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat bildirib ki, müasir dövrdə əksəriyyət sosial aləmdən kommunikasiya vasitəsi kimi istifadə etməklə yanaşı, həmçinin cəmiyyətə təsir kanalı kimi də istifadə olunur. Çox sayda istifadəçisi olan sosial struktur insanlara rahatlıq və azadlıq verir. Sanki bu səbəbdən də, xüsusilə anonimliyin qorunması insanlarda güvən hissi yaradır. Bu xüsusiyyətlərdən irəli gəlir ki, insanlar sosial aləmdə istədikləri ideologiyanı təbliğ və ya tənqid edirlər. Sosial resurslar informasiya platforması olmaqdan çıxıb, ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanına çevrilib.
Müşfiq Cəfərov qeyd edib ki, virtual aləmin bizə verdiyi imkan və azadlıqlardan sui-istifadə edilməsi halları çox rast gəlinən mənzərədir. Bunun nəticəsidir ki, bir çox istifadəçilərin şəxsi məlumatları oğurlanır və başqa məqsədlərlə istifadə olunur. Buna virtual cinayət və ya kibercinayət deyilir ki, hazırda sosial aləmin hüquqi baxımdan tənzimlənməsini də zəruri edir.
Nəzərə alsaq ki, informasiya və texnologiya məkanları dünya liderləri, siyasətçilər, tanınmış professor və incəsənət xadimlərindən tutmuş, terrorçuların, radikal cərəyanların nümayəndələri və zərərli ideologiya daşıyıcıları kimi insanların ortaq yeridir, buna görə də deyə bilərik ki, virtual kimliklər gün ərzində faydalı məlumatlar almaqla yanaşı, zərərli hesab etdiyimiz ideoloji təsirlərə də məruz qalmaqdan sığortalanmır. Bu səbəbdən də sosial şəbəkələr zorakılığın, radikalizmin və cəmiyyət üçün zərərli ideologiyaların, fikirlərin yayılmasında böyük rol oynayır.