Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə rəsmi qaydada start veriləndən sonra deputatlığa iddialı şəxslər ard-arda öz namizədliklərini açıqlamağa başlayıblar. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə bağlı müəmma davam etdiyi üçün siyasi arenada daha çox müstəqil və müxalifət yönümlü şəxslər nəzərə çarpırlar. Seçki marafonuna kifayət qədər sürpriz namizədlərin qoşulacağı da istisna edilmir.
Son günlər mətbuatda iki yüksəkrütbəli sabiq məmurun da deputatlığa namizəd olacağına dair iddialar ortaya atılıb. Bu sırada ən çox Azərbaycan Mərkəzi Bankının keçmiş sədri Elman Rüstəmovun və Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinin sabiq rəisi, eks-deputat Cavid Qurbanovun adı hallanır. Hər iki şəxsin sentrabrın 1-də deputat mandatına sahib ola biləcəyi istisna edilmir. Onların namizədliklərinin hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürüləcəyi bildirilir.
Elman Rüstəmov və Cavid Qurbanov deputat ola bilərmi? YAP-ın onların namizədliyini irəli sürməsi nə dərəcə realdır?
“Yeni Sabah” məsələnin təfərrüatını öyrənə bilib. Məlum olub ki, YAP-ın deputatlığa namizədlərinin siyahısında nə Elman Rüstəmovun, nə də Cavid Qurbanovun adı var. Hakim partiya özünün sadiq və siyasi cəhətdən fəal üzvləri ilə seçki mübarizəsinə qoşulacaq.
Cavid Qurbanov və Elman Rüstəmovun adlarının deputatlığa namizəd kimi hallanmasında iqtidar partiyasının hər hansı rolunun olmadığı bildirilir. İddialara görə, bu xəbərlər həmin şəxslərin yaxın ətrafı tərəfindən dövriyyəyə buraxılıb.