Xəbər verdiyimiz kimi, ötən gün Bakının iki rayonunun rəhbərinə -Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev və Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənova xəbərdarlıq edilib. Onlar rəhbərlik etdikləri rayonlarda yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olmasına görə cəzalandırılıblar. Hər iki icra başçısına qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Yenisabah.az-ın əldə etdiyi məlumata görə, publik şəkildə cəzalandırılan icra başçıları barələrində verilən qərardan heç də məyus olmayıblar. Əksinə, bu qərar onları o qədər məmnun edib ki, hətta sevinclərini yaxın ətraflarındakı adamlarla bölüşüblər.
Adıçəkilən rayonlardan birinin icra hakimiyyətində məsul vəzifə tutan dövlət qulluqçusu bizimlə söhbət zamanı Quliyevin və Həsənovun sevincinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, hər iki icra başçısı “vurulacağını” gözləsə də, xəbərdarlıqla canlarını qurtara biliblər.