İş adamı Anar Məmmədov deputat olmaq istəyir. Sabiq nəqliyyat nazirinin qalmaqallar çempionu olan oğlu Azərbaycan parlamentində oturmaq və imicini ‘’sil başdan’’ yeniləmək istəyir. İddialara görə, bu məqsədlə Ziya Məmmədov əlaqələrini işə salaraq, əli çatan instansiyalara xahişdə bulunub. Sadəcə, Məmmədovlar klanının bu planını zədələyən amil Anar Məmmədovla bağlı xarici mediada qəflətən ortaya çıxan məlumatlardır. Bu kampaniya imic təzələməyə hazırlaşan Anar Məmmədovun və bütövlükdə klanın planlarını suya gömə bilər.
Öncə həmin məlumatları xatırlayaq. ABŞ-a məxsus olan Azadlıq Radiosu qəflətən azərbaycanlı iş adamı ilə bağlı sensasion syıla biləcək materiallar dərc etməyə başladı. Həmin materiallar görə, "...Amerika qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə 43 yaşlı Anar Məmmədovun milyonlarla dollar xərclədiyini üzə çıxıb. KFC şəbəkəsinə yatırımları Məmmədovun Britaniyadakı biznesinin bir hissəsidir. “Transparency International UK” təşkilatının Britaniya torpaq reyestrindən əldə etdiyi qeydlərə görə, bu portfolioya Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da daxildir".
Materialda daha sonra vurğulanır: "Azərbaycan mediasında Məmmədovun Britaniyada KFC restoranlarını satın alması barədə 2022-ci ilin sonlarında ilk dəfə məlumat yayılanda onun atası, keçmiş nəqliyyat naziri Ziya Məmmədov oğlunun Britaniyada bir dənə də restoranının olmadığını söyləmişdi.
Ancaq Azadlıq Radiosunun araşdırması A. Məmmədovun hazırda İngiltərənin şimal-qərbində azı 20 restoranının olduğunu üzə çıxarıb. O, anonim ofşor şirkətindən yararlanaraq, azı, 10 il öncədən həmin sərmayəsini yatırmağa başlayıb".
Daha sonra materialda bu məqamlar əks olunub: ‘A.Məmmədov İngiltərənin Liverpul, Uiqan, Bolton və Preston kimi şəhərlərindəki daşınmaz əmlak portfoliosu, yaxud KFC restoranları ilə bağlı açıqlama xahişlərinə cavab verməyib. KFC və onun ABŞ-dakı “Yum! Brands” ana şirkətinə sorğular araşdırma dərc olunanadək cavabsız qalıb.
Telefonla əlaqə saxlanılan Z.Məmmədovsa Azərbaycanın nəqliyyat naziri olduğu dövrdə ona qarşı irəli sürülən ittihamlarla bağlı şərh verməkdən boyun qaçırıb. “Qoy kim nə istəyir, danışsın. Allah hər şeyi görür”, - ata Məmmədov AzadlıqRadiosuna belə deyib.
Z.Məmmədov oğlunun Britaniyadakı KFC biznesinə dair daha öncəki müsahibəsi haqda suala cavab olaraq “Çox sağ olun, salamat qalın. Sağ olun!” deyərək dəstəyi asıb.
A.Məmmədovun İngiltərədəki KFC portfoliosuna indi, azı, 20 restoran daxildir. Bu restoranlar onun Britaniyadakı şirkətinin üç törəmə şirkətinə aiddir.
Britaniyanın Torpaq Reyestrinə aid qeydlər Məmmədovun “Amber Restaurants Limited”, “BJR Foods Limited” və “Colonel Foods Limited” adlı bu üç törəmə şirkətdən burada, azı, 26 məkanı icarəyə götürmək üçün istifadə etdiyini göstərir.
Ən son maliyyə hesabatlarına görə, Məmmədovun “1st Rate Investments (UK) Limited” şirkətinin 2021 və 2022-ci illər üçün orta dövriyyəsi 50 milyon dollar civarında, səhmdarların vəsaitləri isə 2022-ci ildə 7 milyon dollar məbləğində olub.