Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Cəlal Kazımovun müdafiəçisi Əli Adıgözəlov vəsatətini bildirib və qeyd edib ki, cinayət işində çoxsaylı şəxslərin ad və soyadları var. Ə. Adıgözəlov həmçinin qeyd edib ki, həmin şəxslərin kart hesablarına pullar köçürülüb və mənimsənilib.
“Həmin şəxslərin cinayət işində izahatları var və onlar “ölü canlar” deyillər. Kartlara köçürülmə yolu ilə 1 milyon manata yaxın pulun mənimsənilməsindən söhbət gedir. Adları qeyd olunan şəxslərin məhkəməyə çağırılması və dindirilməsi təmin olunmalıdır.”
Məhkəmə həmin şəxslərin cinayət işində izahatları olduğunu əsas gətirərək vəsatəti təmin etməyib və sənədlərin tədqiqi mərhələsində həmin izahatların açıqlanacağını və araşdırma aparılacağını bildirib.
Məhkəmənin gedişatında cinayət işində olan sənədlər tədqiq edilib. Həmin sənədlərin arasında təqsirləndirilən şəxslərin xidməti fəaliyyətləri ilə bağlı xasiyyətnamələr də var.
Hərbi Dəniz Qüvvələrinin istintaq orqana göndərdiyi xasiyyətnamədən məlum olur ki, Vüsal Əlizadə xidməti dövründə şəxsi heyətlə münasibətləri həmişə yaxşı olub, xidməti dövründə heç bir nöqsan və cəza almayıb.
Amma Hərbi Hava Qüvvələrinin o vaxtkı rəisi olmuş Ramiz Tahrovun Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinə göndərdiyi rəydə maliyyə xidmətinin rəisi olmuş Cəlal Kazımov mənfi xarakterizə olunub.
Cəlal Kazımovun vəkili Əli Adıgözəlov müdafiə etdiyi şəxsə qarşı verilən xasiyyətnamə qərəzli olduğunu deyib; “Cəlal Kazımov döyüş bölgələrində olub, xidmətinin, ona verilən tapşırıqların öhdəsində layiqincə gəlib.”
Cəlal Kazımov da bu xasiyyətnamənin qərəzli olduğunu deyib. C. Kazımov 30 il xidmət etdiyini və heç vaxt töhmət və ya cəza almadığını bildirib.
Təqsirləndirilən Bayram Bayramovla bağlı Quru Qoşunların rəhbərliyi tərəfindən göndərilən rəydə o, xidməti dövründə müsbət xarakterizə olunub. Həmin rəydə göstərilir ki, Bayram Bayramov xidməti dövründə heç bir vaxt töhmət almayıb.
Lakin hakimlərin açıqlandığı sənədlərdən məlum olub ki, Bayram Bayramov əvvəllər məhkum olunub. Rəsmi sənədlərə görə, Bayram Bayramov Cəlilabad Hərbi Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla cəzadan da aşağı həddə cəza təyin olunub. Belə ki, həmin hökmlə Bayram Bayramov 500 manat miqdarında cərimə olunub.
Daha sonra hakimlərin açıqladığı sənədlərə görə, Vüsal Əlizadə 2020-ci ildə Vətən müharibəsində iştirak edib. Buna görə də o, Ağdamın işğalından azad olunması, Ordunun 100 illiyi medalı ilə təltif olunub.