"Semaşko"da (Kliniki Tibbi Mərkəz) əkizlərə hamilə olan qadına doğuş zamanı bir uşaq verilib.
Şikayətçi Mədinə Hacıyevanın sözlərinə görə, hamilə olduğu müddətdə dəfələrlə doppler və ultrasəs müayinələrdən (USM) keçib və həkimlər uşaqlarının əkiz olacağını bildiriblər:
"Hadisə yanvar ayının 26-da Kliniki Tibbi Mərkəzdə baş verib. Hamiləlik dövründəki həkim müayinələrim özəl xəstəxanalarda aparılıb. Orada mənə dedilər ki, "uşaqlarınız əkizdir lakin biri çox zəifdir". Doğuşdan sonra məni palataya aparanda isə övladımın birinin öldüyünü bildirdilər".
Mədinə Hacıyevanın sözlərinə görə, xəstəxananın həkimləri - Solmaz Mehdiyeva və ultrasəs aparatında çalışan müayinə həkimi Zeynəb Osmanova da onun əkiz uşağa hamilə olduğunu təsdiqləyiblər.
Həkim Solmaz Mehdiyeva ilə doğuşun yanvar ayının 30-u, qeysəriyyə üsulu ilə olacağını planlaşdırsalar da, Mədinə Hacıyeva ağrısı olduğu üçün yanvarın 26-da xəstəxanaya gətirilib və doğuşu həmin gün növbədə olan Minnurə Kazımova həyata keçirib.
Daha sonra anaya bir oğlan övladının dünyaya gəldiyini bildiriblər.