Ötən ilin mayında Gəncə şəhərində 1975-ci il təvəllüdlü Emin Məmmədovun gözünü çıxaran şəxsə hökm oxunub.
Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Elçin Fərhadzadə Cinayət Məcəlləsinin 126.2.4-cü (Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə hadisəni törətməkdə təqsirli bilinib.
Məlum olub ki, həmin gün saat 20 radələrində Elçin Gəncə şəhər Azərbaycan küçəsində yerləşən ödəmə terminalına yaxınlaşıb. O, terminalın qarşısında növbə tutan Emindən yerlərini dəyişdirməyi istəyib. Lakin Emin növbəsini Elçinə güzəştə getməyib. Bundan sonra Elçin Eminin terminaldan pul çıxarmaq istədiyini görüb və ona terminalda nağdlaşdırma funksiyasının olmadığını deyərək irad bildirib. Tərəflər arasındakı mübahisə daha sonra terminaldan kənarda davam edib. Bu zaman Elçin yumruqla Eminə zərbələr endirib. Nəticədə Eminin eynəyi sınaraq sağ gözünə batıb.