İcra strukturlarında ciddi dəyişikliklərin olacağı ilə bağlı xəbərlər öz təsdiqini tapmaqdadır. İyul ayında 4 rayona yeni icra başçısının təyin olunması bu ehtimalları daha da artırıb. Tutduğu postla yaxın günlərdə vidalaşacaq icra başçılarının siyahısında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun və Nəsimin icra başçısı Asif Əsgərovun da adı çəkilirdi. Hətta onların iyulun 15-nə kimi vəzifədən uzaqlaşdırılacaqları iddia olunurdu. “Yeni Sabah” adıçəkilən icra başçılarının bu günə kimi postunu qoruya bilmələrinin səbəbini öyrənə bilib. Məlum olub ki, həmin icra başçılarının vəzifədə qalması növbədənkənar parlament seçkilərinə start verilməsi ilə bağlıdır.
Hakimiyyət komandasının aparıcı fiqurlarından biri bizimlə söhbət zamanı bu məlumatı təsdiq edib. Onun sözlərinə görə, Nəsimin icra başçısı Asif Əsgərov artıq vəzifədən getmiş sayıla bilər. Belə ki, YAP onu iyulun 7-də 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd göstərib. A.Əsgərov çox güman ki, gələn həftə məzuniyyətə çıxacaq və bir daha Nəsimi rayon İcra hakimiyyətinə qayıtmayacaq.