Ötən gün Bakının Suraxanı rayonunda azyaşlını girov götürən və daha sonra polis tərəfindən zərərsizləşdirilən şəxslə bağlı bəzi təfərrüat məlum olub. "Report"un əldə etdiyi məlumata görə, hadisə Hövsan qəsəbəsində 76 nömrəli məktəbin yaxınlığında yerləşən binada qeydə alınıb.
Əvvəllər məhkum olunan Xosrov Əhmədov öz azyaşlı övladının boğazına bıçaq dirəyərək onu öldürəcəyini bildirib.
Hadisə yerinə gələn polis əməkdaşları Xosrov Əhmədovu bu əməlindən yayındırmağa çalışıb. Dəfələrlə polisin qanuni tələblərinə və xəbərdarlıqlarına baxmayaraq, X.Əhmədov öz azyaşlı övladını öldürəcəyini bildirib. Polis əməkdaşları azyaşlının həyatını xilas etmək üçün Xosrov Əhmədovu zərərsizləşdirib.