Xalq artisti Ağadadaş Ağayevlə bağlı qalmaqal ictimaiyyət arasında ciddi rezonans doğurub və fəxri adlar məsələni yenidən gündəmə gətirib.
Sosial şəbəkələrdəki müzakirələrdə bir çoxları Ağadadaş Ağayevi "Xalq artisti" adına yaraşmayan hərəkətlərə görə qınayıb, hətta onun bu fəxri tituldan məhrum edilməsini istəyənlər də olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin ("MedEra" hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.
İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.
DİN fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açıldığını bəyan edib. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb olunublar, istintaq hərəkətləri davam etdirilir.
Hadisə zamanı müğənnini döyən gözətçinin hərəkətlərini pisləyənlər də çoxdur və ictimaiyyət olaya gerçək hüquqi qiymət verilməsini gözləyir.