Xalq artisti Ağadadaş Ağayevin "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilov tərəfindən döyülməsi ictimai diqqəti bu özəl klinikanın üzərində cəmləyib.
Mətbuat və cəmiyyət baş vermiş insidentdə "MedEra"nın məsuliyyətinin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışır. Yenisabah.az xəbər verir ki, "MedEra"nın mühafizəçisi Nurəddin Cəlilovun xalq artisti Ağadadaş Ağayevə münasibətdə ağlasığmaz aqressiya nümayiş etdirməsi ən çox müzakirə olunan məsələlərdəndir.
İstintaq yeni başladığı üçün məlum insidentin hansı səbəbdən yaşandığı hələlik bəlli deyil. Sosial şəbəkələrdə dolaşan video-görüntülərdən çıxan nəticə budur: "MedEra"nın mühafizəçisi Nurəddin Cəlilov 68 yaşlı Xalq artistinə qarşı izahı mümkün olmayan qəddarlıq nümayiş etdirir. O, yerə yıxdığı adamı əvvəl baltanın sapı ilə döyüb, sonra isə təpiklə güclü zərbələrə məruz qoyub.
Ağadadaş Ağayev halsız vəziyyətdə asfaltın üstünə uzanmasına baxmayaraq, "MedEra"nın əməkdaşı yenə ondan əl çəkməyib. Bu görüntülər qaydasız döyüş səhnələrini xatırladır. Amma bir fərqlə: orada idmançı əfv diləyən rəqibini bağışlayır...
Məlum görüntüləri izləyən sosial şəbəkə istifadəçiləri ən çox bu suala cavab axtarırlar: "MedEra"nın mühafizəçisi niyə bu qədər aqressivdir?