2013-cü ildən bəri Pirallahı rayonunun icra başçısı vəzifəsini tutan Vasif İmanov və onun sevimli oğlu adanı “işğal” edib. Tribunainfo.az xəbər verir ki, bunu rayon sakinləri deyirlər. Və bildirirlər ki, İmanovlar rayonda kənar şəxslərin kiçik biznes qurmasına belə imkan vermirlər.
Həmin məlumatda deyilir ki, icra başçısının oğlu Zöhrab İmanov rayonda sahibkarlardan qanunsuz pul yığımında adı hallanır. İddia olunur ki, o, istədiyi vaxt sahibkarlardan istədiyi qədər pul alır. “Narazılıq edən sahibkarların isə obyektlərini sökdürür».
Zöhrab İmanovun adı «Əjdakan LTD» MMC məsələsində də hallanır. Yerli mediada yayılan xəbərlərdən belə məlıum olur ki, icra başçısının oğlu şirkətin yerləşdiyi 33 hektar ərazini yerlə yeksan etdirib. Bu azmış kimi, şirkətin inzibati binaları və həyətindəki bahalı ağacları yoxa çıxarıb. Binanın daşları və digər materialları ilə isə rayon ərazisində özü üçün bir neçə avtoyuma məntəqəsi və digər ticarət obyektləri inşa etdirib.
Tribunainfo.az xəbər verir ki, Pirallahı icra başçısı Vasif İmanovun sərvəti də az deyil. Bununla bağlı aparılan araşdırma zamanı məlum olub ki, sözügedən şəxs kiçik bir adadan milyonlara sahib olub. Şabranın Gilavar kəndindəki 5 milyon manat dəyəri olan villanın mövcudluğu bunu təsdiq edən faktlardan biridir.