Xəbər verdiyimiz kimi, iyulun 22-də, səhər 7 radələrində Xalq artisti Ağadadaş Ağayevin “MedEra” klinikasına əlibaltalı hücumu geniş müzakirələrə yol açıb. Müğənninin aqressiv davranışları cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Çoxları onun psixi durumunun normal olmadığı haqda iddialar irəli sürməyə başlayıb. Maraqlıdır, deyilənlər həqiqəti nə qədər əks etdirir?
Xalq artistinin psixoloji durumunu analiz edən psixoloq Vüsalə Rüstəm “Yeni Sabah”a açıqlama verib: “Öncəliklə deyim ki, psixi pozğunluq hisslər, davranış, düşüncələr sahəsində dəyişikliklərdir. Həm də insan keçmişdə yaşadıqlarını gələcəyinə daşıyır. İnsanın yaşadıqları neqativdirsə, o həmin insanın beynində müəyyən iz buraxır. Nəticədə davranış pozğunluğu, düşünmə, ünsiyyət problemləri yaranmağa başlayır. İnsan qarşısındakı ilə normal ünsiyyət qura bilmir, sağlam düşünə bilmir və aqressiv hərəkətlər edir. Ağadadaş bəydə də psixi pozuntu əlamətləri açıq görünür. Çünki adam balta ilə açıq şəkildə hücum edir və mühafizəçini yumruqlayır”.