İyunun 4-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin başçısının müavini Emanuela Bertinqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BQXK arasında əlaqələrin tarixindən danışılıb. Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu beynəlxalq qurumla münasibətlər daha da genişlənmiş, yeni müstəviyə qədəm qoymuşdur. Söhbət zamanı komitənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyəti, itkin düşmüş şəxslərin məsələlərinin diqqət mərkəzində saxlanması, eləcə də təmas xətti yaxınlığında yaşayan insanların təhlükəsizliyinin qorunması və onlara yardım göstərilməsi sahəsində gördüyü işlər barədə fikir mübadiləsi aparıldı.