Xalq artisti Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə müvəkkilinin “Medera” hospitalına baltalı hücumu ilə bağlı bütün suallara aydınlıq gətirib. Pravda.az Musavat.com-a istinadən bildirir ki, vəkil Ağadadaş Ağayevin insident zamanı xəsarət yetirilən “Medera” hospitalının işçisi Nəzakət Paşayevadan üzr istəyib-istəməyəcəyindən danışıb, ümumiyyətlə barışıq təşəbbüsü haqda fikirlərini açıqlayıb. Bildirib ki, hazırda istintaq gedir, əllərində hadisənin digər videoları da var və onları yaymaq fikrindədirlər.
Vəkil Şəfa Camalzadə Ağadadaş Ağayev xuliqanlıq maddəsi ilə verilmiş ittihamı qəbul etmir:
- Yayılmış video həmin hadisədən sadəcə bir fraqmentdir. Oraya qədər və sonra baş verənlərin də videosu var.
Həmin videolar ictimaiyyətdən niyə gizlədilib?
- Bu məsələ çox ictimailəşdiyindən və istintaq davam etdiyindən nə etsək, istintaqa təsir kimi qiymətləndirilə bilər. Həmin videolar istintaqdan sonra təqdim ediləcək.
İnsidentdən sonra Ağadadaş Ağayevin həmkarınızla bərabər yayılmış fotosundan belə anlaşılır ki, qolunda xəsarət var. Qolu sınıbmı, yoxsa çat və ya əzik var?
- Bu haqda deyə bilməyəcəyəm, qolunda ağrılar var.
İnsidentdən sonra belə xəbər yayıldı ki, Ağadadaş Ağayevin onkoloji xəstəliyindən psixoloji gərginliyi var. Bu, həqiqətən belədirmi?
- Bəli. Ağadadaş Ağayev ağır əməliyyatlar keçirib dəfələrlə.
Əməliyyatlar bu hadisə ərəfəsində olub?
- Əməliyyat əvvəl olub. Belə xəstələr davamlı dərmanlar içirlər. Dərman qəbulunu bir qədər gecikdirən kimi, bir qədər yuxusuz qalan kimi dərmanların təsiri ilə güclü həyəcan vəziyyəti baş verir. Adam qulağından əməliyyatdan sonra səhərə qədər yatmayıb. Ağrıkəsicinin təsiri keçən kimi mühafizəçini çağırıb xahiş edib ki, onun evinə bir tibb bacısı göndərilsin. Çünki həmin klinikada əməliyyat olub.
İnsident əsəbi halda deyilən sözə görə baş verib?
- Başlanğıcda hər hansı bir əsəbi hal yoxdur. Ağadadaş Ağayev evinin eyvanından 2-3 dəfə çağırıb ki, gəlib ona yardım göstərilsin. Küçədəki kameralara orada baş verənlər düşüb. Səs düşməsə də, hərəkətlərdən çox şeyi ayırd etmək olur. Hər tərəfdən çəkilmiş videolar var. Hazırda istintaq bu vidoeları paylaşmağa icazə vermir.
Ağadadaş Ağayevin ilkin açıqlamalarında belə anlaşılırdı ki, ortada bir barışıq niyyəti var. Hazırda həmin niyyət qalırmı?
- Həmin gün olub. İnsana ağrıların təsiri altında qəribə bir güc gəlir. Adamın həm qulağındakı xəstəliyi, həm də onkoloji xəstəliyi ilə bağlı ağrıları olub. Onun hazırda gözündə də ağrılar var. Hadisə günü hesab edib ki, bu, adi bir hadisədir.
Hadisədən sonra Ağadadaş Ağayevin sağlıq durumu nə yerdədir?
- Özünü tox tutmağa çalışır. Qolu, bədəni, başı, gözü əzilib.
Hadisə zamanı Ağadadaş Ağayevin atdığı balta “Medera” hospitalının əməkdaşı Nəzakət Paşayevanın ayağına dəyərək zədələyib. Qadın hadisədən sonra müsahibə verdi və dedi ki, Ağadadaş Ağayevdən şikayətçi olmayacaq. Bəs Ağadadaş Ağayevin həmin qadından üzr istəmək niyyəti varmı?
- Bu, baş verməməsi gərəkən bir hadisə idi. Ortada cinayət işi var və indiki halda Ağadadaş Ağayevin Nəzakət Paşayeva ilə danışması qanunla yol verilmir.
Nəzakət Paşayevanın hadisəyə birbaşa aidiyyəti yoxdur. Ağadadaş Ağayevin Nurəddin Cəlilova atdığı balta təsadüfən Nəzakət Paşayevanın ayağına çırpılıb və xanım xəsarət alıb. Buna görə ondan üzrxahlıq edilməsi doğru olmazmı?