Xəbər verdiyimiz kimi, Nabranda, Xəzər dənizinin sahillərində tikilmiş “Atlant” İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun da adı qarışan cinayət dosyesi üzrə məhkəmə araşdırmaları aparılır. Musavat.com-a daxil olan məlumatda deyilir ki, 171 nəfər Azərbaycan vətəndaşına qarşı külli miqdarda – 14 milyon manat dələduzluq işi üzrə ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.
Məhkəmənin sonunda “Atlant” İstirahət Mərkəzi müsadirə olunaraq hərracda satıla və vətəndaşlara dəymiş ziyan qarşılana bilər.
“Atlant” İstirahət Mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev hazırda həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. Bildirilir ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra Nofəl Hacıyev saxlanılıb. Aparılan istintaqla onun ümumilkdə 171 vətəndaşdan 14 milyon manatdan artıq pul aldığı, lakin mənzilləri onlara təqdim etmədiyi məlum olub. İstintaq zamanı Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia ediblər. Hazırda iş üzrə məhkəmə prosesi keçirilir.